Suriya: Homs şəhərinə humanitar yardım çatdırmış BMT karvanı atəşə tutulub

Şəklin mənbəyi, BBC World Service

BMT-nin humanitar məsələlər üzrə rəsmisi Valerie Amos bəyan edib ki, ötən gün Suriyanın Homs şəhərinə humanitar yardımın çatdırılması zamanı BMT karvanının atəşə tutulmasına baxmayaraq bu iş davam etdiriləcək.

Valerie Amos deyib ki, 3 günlük müddətə Homs şəhərinin qədim tarixi hissəsinə humanitar yardımın çatdırılması üçün elan olunmuş atəşkəsin pozulmasına görə məyusluq hissi keçirir.

Ötən gün karvanın atəşə tutulması Suriyada vəziyyətin nə dərəcədə təhlükəli olduğunu bir daha xatırladıb.

Onun təbirincə, BMT humanitar yardım karvanlarının təhlükəsizliyini təmin edilməsi istiqamətində "əlindən gələn" səyləri davam etdirəcək.

BMT karvanı ötən gün Homs şəhərinə humanitar yük çatdırıb şəhəri tərk edən zaman atəşə tutulub.

Hadisə atəşkəsin elan olunduğu 3-günlük müddətinin 2-ci günü baş verib.

Suriya rəsmiləri hücuma görə üsyançıları, üsyançılar isə höküməti qüvvələrini ittiham ediblər.