Oskanyan: “Ermənistan Suriya üzrə konfransda niyə yoxdur?”

Şəklin mənbəyi, BBC World Service
Sabiq xarici işlər naziri Vardan Oskanyan Ermənistan diplomatiyasını İsveçrənin Montre şəhərində Suriya məsələsi üzrə “Cenevrə-2” danışıqlarında iştirak etmədiyi üçün tənqid edib.
“Orada yaşayan ermənilərin təhlükəsizliyi və ən firavan diaspor icmalarından birinin viran edilməsi perspektivindən çox narahatam”, - Suriya doğulduğunu qeyd edən Vardan Oskanyan Facebook-da yazıb.
Sabiq diplomat bildirir ki, Suriya münaqişəsi “qızışanda və erməni icmasının vəziyyəti, xüsusilə Hələbdə, ağırlaşanda” erməni dövləti suriyalı soydaşlarına Ermənistanda sığınacaq vermək, yaşayış şəraitlərini təmin etmək və heç olmasa minimal yardım göstərmək üçün imkanları çərçivəsində hər şey etmişdi.
“Münaqişə tərəflərindən başqa, konfransda 39, müəyyən dərəcədə problemə aidiyyəti olan, ölkə iştirak edir: Suriyanın qonşuları, bir sıra ərəb ölkələri, vasitəçilər və maraqlı tərəflər. Bu siyahıda coğrafi baxımdan Suriyadan uzaq Meksika, Lüksemburq, Cənubi Koreya, İtaliya, Braziliya kimi ölkələr də vardır. Suriya katolik icmasının maraqlarını müdafiə etməyi öz vəzifə borcu hesab edən Vatikan da iştirak edir. Ermənistan isə bu siyahıda yoxdur. Niyə?”.
Oskanyan hazırda 15 min suriyalı erməninin Ermənistanda sığınacaq tapdığını bildirir.
“Ermənilər, arxasında doğma dövləti olan Suriyanın yeganə milli azlığıdır. Cenevrə danışıqlarının nəticələrindən asılı olmayaraq, Ermənistanın iştirak etməsi vacibdir, heç olmasa ona görə ki, birbaşa məlumat almaq və, lazım gələrsə, erməni icmasının maraqlarını müdafiə etmək üçün”.
Oskanyan Suriyada, xüsusilə də şiddətli döyüşlər gedən Hələbdə və onun ətrafında, fiziki varlığı təhlükə altında olan böyük erməni diasporasının qaldığını xatırladır.
