Suriya şəhərinə BMT-nin humanitar yardım karvanı yollanıb

Şəklin mənbəyi, Getty
BMT humanitar yardım karvanı bazar ertəsi Suriyanın üsyançıların əlində olan və hökumət qoşunları tərəfindən mühasirədə saxlanılan Madaya şəhərinə yola düşüb.
Konvoy şəhərdə mühasirədə qalmış 40 min insana bir ay yetəcək ərzaq, tibbi ləvazimat və yatacaq daşıyır.
Yardım həmçinin şimaldakı İdlib əyalətində üsyançıların mühasirəsində olan iki kəndə də göndəriləcək.
Yük maşınlarının zəruri ərzaq məhsulları - düyü, bitki yağı, un, qənd və duz, həmçinin su, körpə yeməkləri, yorğan, tibbi və cərrahiyyə ləvazimatı daşıdığı deyilir.
Yardım karvanını müşayiət edən BBC Ərəbcə müxbiri Assad Abboud bildirib ki, yük maşınları şəhərdən 12 km məsafədəki nəzarət keçid məntəqəsində gözləyirlər.
"Biz çox inamlıyıq", BMT-nin Qaçqın üzrə agentliyinin mətbuat katibi Melissa Fleming BBC-ə deyib.

Şəklin mənbəyi, AFP
Bazar günü şəhərə çatmalı olan humanitar yardım karvanı üsyançıların aktivliyi səbəbindən gecikib.
Madayada, Livan sərhədi yaxınlığında yaşayan 40 minə yaxın insan sağ qalmaq üçün ev heyvanları və ot yediklərini deyirlər.
"Mən elə indicə məlumat aldım ki, bizim humanitar yardım karvanı bazar ertəsi səhər tezdən yola düşəcək", xanım Fleming deyir.
"Daimi administrativ maneələrin çox vaxt alması səciyyəvidir”, o əlavə edib.
Bu arada “Sərhədsiz həkimlər”in (MSF) nümayəndəsi Brice de la Vigne şəhərdəki vəziyyəti “kifayət qədər dəhşətli” adlandırıb.
Madayada çalışan həkimlərlə sıx əlaqədə olan təşkilat rəhbəri Cənab de la Vigne BBC-ə deyib ki, orda 250-dən çox insan “kəskin aclıqdan” əziyyət çəkir.
O sözlərinə əlavə edib ki, “onlardan 10-nu təcili tibbi yardıma ehtiyacı var” əks halda onlar öləcəklər.
Dünya Ərzaq Proqramı (WFP) ilk ərzaq və tibbi yardımın bir müddət əvvəl Madayaya göndərməyi arzu edirdi.

Şəklin mənbəyi, Reuters
Amma bu yardımın gecikməsinin səbəbi dəqiq bəlli deyil. BBC-nin Beyrutdakı müxbiri Jim Muir deyir ki, mühasirədə olan şəhərlərə girişlə bağlı danışıqlar heç də asan iş deyil.
Bu, münaqişənin hər iki tərəfinin ali siyasi rəhbərlərinin, həmçinin yerlərdə ayrı-ayrı döyüşçülər arasında razılığın əldə olunmasını tələb edir.
Suriyada gedən vətəndaş müharibəsi fonunda blokadaların yaranması xarakterik olsa da, Madayada günü gündən artan aclığın yaratdığı mənzərə beynəlxalq təşkilatların diqqətini daha çox cəlb edib.
Suriyada 4,5 milyon insan çətin gedilən rayonlarda, humanitar yardıma çıxışı olmayan 15 mühasirədə olan ərazidə isə təxminən 400 min insan yaşayır.
Madaya, hökumət qüvvələri və onların Livandakı müttəfiqləri İslamçı Şiə Hizbullah hərəkatı tərəfindən ötən ilin iyul ayının əvvəllərindən mühasirəyə alınıb.
Üsyançıların mühasirəsi altında olan, 30 minə yaxın insanın əsirlikdə saxlanıldığı Foah and Kefrayada da vəziyyətin getdikcə pisləşməsi xəbər verilir.
Suriyada nə baş verir?
Anti-hökumət çağırışları ilə başlayıb vətəndaş müharibəsinə çevrilən 5 illik münaqişə dövründə 250 mindən çox suriyalı həyatını itirib. 11 milyondan çox insan evlərindən didərgin düşüb.
Sadə vətəndaşlar niyə mühasirədədir?
Münaqişənin bütün tərəfləri mübarizə vasitəsi kimi mühasirədən istifadə edir, yaşayış məntəqələrini dövrəyə alır, rəqibini təslim olmağa məcbur etmək üçün şəhərə humanitar giriş qadağası qoyur və mülki şəxslərin ərazini tərk etməsinin qarşısını alır. Ərzaq, su, dərman, elektrik enerjisi və yanacağın verilişində fasilələrin yaranması həssas sosial qruplar arasında aclıq və ölümə gətirib çıxarır.
Mühasirədə olan ərazilər hansılardır?
Hökumət qüvvələri Ghoutanın şərq hissəsindəki müxtəlif yerləri, Dəməşq ətrafı ərazilər, paytaxtın qərb hissə olan Darayya, eləcə də dağ şəhərləri yaxınlığındakı Zabadani və Madayanı mühasirədə saxlayırlar. İD qüvvələri hökumətə məxsus olan Deir al-Zour-un şərq hissəsini mühasirəyə aldığından, qiyamçı qüvvələr İdlibin şimal əyalətində olan Foah və Kefraya kəndlərini mühasirəyə alıblar.


