Suriya münaqişəsi: tərəflər danışıqların dayandırılmasına görə bir-birini günahlandırıb

Şəklin mənbəyi, Reuters
Suriya hökuməti və müxalifət Cenevrədə sülh danışıqlarının dayandırılmasına görə bir-birini ittiham edib.
BMT nümayəndəsi Staffan de Mistura müvəqqəti fasilə elan edib və bildirib ki, danışıqlar fevralın 25-də bərpa ediləcək.
Amma müxalif Yüksək Danışıqlar Komitəsi Suriyada şərtlər yaxşılaşdırılmadan danışıqlara qayıtmayacağını bildirib və hökumət qüvvələrini insanları aclığa sövq etməkdə günahlandırıb.
Hökumət isə müxalifətin danışıqları Türkiyə və Fars Körfəzi dövlətlərinin göstərişi ilə dayandırdığını deyib.
Cümə axşamı müharibədən zərər çəkmiş şəxslər üçün əlavə maliyyələşdirilməsini təmin etmək məqsədilə Londonda 70-dən çox ölkənin iştirak etdiyi donorlar iclası keçirilir.
Danışıqların dayandırıldığını elan edən cənab de Mistura etiraf edib ki, "hələ görüləsi işlər var". Lakin o bildirib ki, "bu, son və danışıqların uğursuzluğu demək deyil".
Suriyada demək olar ki, beş ildir davam edən müharibə illərində 250 min nəfərdən çox insan həlak olub.
Daha 11 milyon sakin öz evindən qaçmağa məcbur olub. Vətəndaş müharibəsi Avropa miqrasiya böhranına səbəb olan əsas hərəkətverici qüvvə olub.
Bu arada Fransa Suriya hökuməti və prezident Əsədi dəstəkləyən və hava zərbələri həyata keçirən Rusiyanı sülh danışıqlarına "əngəllər" törətməkdə ittiham edib.
ABŞ bildirib ki, Rusiya danışıqların dayandırılması üçün əsas günahkardır. Bundan başqa ABŞ deyib ki, Rusiyanın həyata keçirdiyi aviazərbələr qəsdən müxalifət qruplarını hədəfə alıb.
Həm ABŞ, həm də Fransa Suriyanın ikinci böyük şəhəri Hələb ətrafında Rusiya bombardmanlarını pisləyib. ABŞ Dövlət Katibi John Kerry bu halın dayandırılmasını tələb edib.
Amma bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov vurğulayıb ki, "həqiqətən əl-Nüsrət Cəbhəsi kimi terror təşkilatlarını məğlubiyyətə uğratmayana qədər" bu hava zərbələri dayandırılmayacaq.




