Suriya münaqişəsi: Cenevrə sülh danışıqlarına boykot təhdidi

Şəklin mənbəyi, Getty
Suriya müxalifəti iddia edir ki, Suriyada müharibənin siyasi həlli üçün keçiriləcək danışıqlarda iştirak etməyəcək.
BMT danışıqların cümə günü Cenevrə şəhərində keçiriləcəyini bildirib.
Müxalifət liderləri deyirlər ki, ölkə vətəndaşlarının mühasirə və bombardımandan çəkdiyi əziyyətlərin azaldılması istiqamətində işlər görülməyincə onların nümayəndələri Cenevrəyə getməyəcək.
Lakin BMT nümayəndəsi Staffan de Mistura Suriya hökuməti ilə dolayı yolla danışıqlar planlaşdırır.
Suriyada təxminən beş ildir davam edən müharibədə 250 mindən çox insan həlak olub.
Prezident Bəşər Əsədə sadiq qüvvələr, ona müxalif olan qüvvələr və eyni zamanda İslam Dövləti (İD) adlanan qruplaşma arasında baş verən döyüşlərdə 11 milyon insan isə didərgin düşüb.
Münaqişənin sona çatdırılması istiqamətində sonuncu danışıqlar 2014-cü ilin fevral ayında, cəmi iki turdan sonra pozulmuşdu.
BMT Suriya hökumətini müxalifətin cənab Əsədin istefası ilə bağlı tələblərini müzakirədən imtina etməkdə günahlandırıb.




