Suriya münaqişəsi: Ana müxalifət danışıqlara qoşulur

Şəklin mənbəyi, Getty
Suriyanın ana müxalifət qrupu Cenevrədə sülh danışıqlarına qoşulacağını bildirib.
Səudiyyənin dəstəklədiyi Ali Müzakirələr Komitəsi bundan əvvəl bildirib ki, o, Suriya hökuməti hava hücumlarına və mühasirəyə son qoyarsa, danışıqlara qoşula bilər.
BMT nümayəndəsi Staffan de Mistura artıq Cenevrədə Suriya hökumət üzvləri ilə görüşüb.
Suriyada təxminən 5 ildir davam edən müharibədə 250 mindən çox insan ölüb, 11 milyon insan qaçqın düşüb.
Suriya vətəndaş müharibəsi həmçinin Avropaya güclü miqrant axınına səbəb olub.
Şənbə günü yarısı uşaqlar olan 10 nəfər sığınacaq axtaran şəxs Egey dənizi ilə Türkiyədən Yunanıstanın Lesbos adalarına keçmək istəyərkən batıb.
Bu yaxınlaşma danışıqlarının 6 ay davam etməsi gözlənilir: formata görə nümayəndələr ayrı-ayrı otaqlarda əyləşəcək, BMT rəsmiləri isə onların arasında fikir mübadiləsi edəcəklər.
Danışıqlara qoşulanlar Suriya prezidenti Bəşər Əsəd rejiminin nümayəndələri və ona müxalif çıxanlar olacaq - özünü İslam Dövləti adlandıran cihadçı qruplaşma danışıqlara dəvət edilməyib.




