Suriya münaqişəsi: müxalifət şərt qoyur

Suriya müxalifət nümayəndələri bazar gecəsi danışıqlara qoşulmağa razılıq verib
Şəklin alt yazısı, Suriya müxalifət nümayəndələri bazar gecəsi danışıqlara qoşulmağa razılıq verib

Suriya müxalifətinin ana qrupu BMT-nin təşkil etdiyi sülh danışıqlarında iştirak etmək üçün Cenevrəyə gəlib.

Bir gün əvvəlsə danışıqları boykot etməklə təhdid edən qrupun sözçüsü deyib ki, onların Suriya hökumətindən hava zərbələri və blokadaya son qoyulmasına dair tələbləri qüvvədədir.

Bazar günü onların nümayəndə heyəti BMT-nin xüsusi elçisi Staffan de Mistura ilə görüşəcək.

Bu arada, BMT-nin baş katibi Ban Ki-moon tərəfləri suriyalıların maraqlarını özlərininkindən daha üstün tutmağa çağırıb.

"Xüsusilə uşaqlar və qadınlar da bu münaqişənin yükünü daşıyır və indi bu döyüşlərə və müharibə şəraitində insan hüquqlarının pozulmasına son qoymaq zamanıdır."

Son 5 ildə Suriyada vətəndaş müharibəsində 250 mindən çox insan həlak olub və 11 milyon nəfər didərgin düşüb. Zorakılıq, həmçinin Avropaya miqrasiya böhranının əsas hərəkətverici qüvvəsi olub.

Səudiyyənin dəstəklədiyi Ali Müzakirələr Komitəsi cümə gecəsi danışıqlara gələcəyini bildirib. Bu, Suriya hökumət nümayəndələrinin artıq Cenevrəyə gəldiyi və cənab Mistura ilə ilkin görüş keçirməsindən saatlar sonra baş verib.

Cenevrə sülh danışıqları

Kim iştirak edir? Suriya hökuməti və ana müxalifət bloku, Ali Müzakirələr Komitəsindən (HNC) nümayəndələr. Digər müxalifətçilər müşavirlər kimi dəvət olunub.

Kim iştirak etmir? Suriyalı kürd qrupu Kürd Demokratik Birlik Partiyası (PYD) (Türkiyə bu qrupu terrorçu qrupu adlandırır), özünü İslam Dövləti adlandıran qrup və əl-Nüsrət cəbhəsi.

Nə müzakirə olunur? Mümkün atəşkəs, məhbusların azadlığa buraxılması; çox zərər çəkmiş rayonlara yardım çatdırılması; İD təhlükəsi.

Ali Müzakirələr Komitəsinin sözçüsü Səlim Muslet Cenevrəyə çatan kimi bildirib ki, onlar qadın və uşaqların həbsdən azad edilməsini, hava hücumlarına son qoyulmasını və çox zərər çəkmiş rayonlara yardım çatdırılmasını istəyirlər - lakin bütün bunlar danışıqların əsas şərti deyil.

"Biz həmişə nikbinik, amma problem ondadır ki, biz Suriyada diktatura ilə üz-üzəyik. Həqiqətən də, əgər o, bu problemləri həll etməyə hazırdırsa, biz Suriyada o qətliamları, o cinayətləri görməməliydik", sözçü jurnalistlərə bildirib.

Danışıqlarda Komitənin rəhbəri Riad Hicab iştirak etmir - o, internetdə yazdığı bir məktubda xəbərdarlıq edib ki, əgər Suriya hökuməti "bu cinayətləri törətməyə" davam edərsə, nümayəndə heyətinin iştirakı "özünü doğrultmayacaq".