Suriya: Rusiya aviazərbələri ardınca "hökumət qüvvələri hücuma keçir"

Şəklin mənbəyi, AFP
Suriya fəallarına əsasən Rusiya təyyarələri ölkənin şimal-şərqində yeni hava həmlələrini həyata keçiriblər.
İnsan hüquqları üzrə Suriya müşahidə qrupu hava həmlələri ilə yanaşı hökumət qüvvələrinin quruda da əməliyyata başladığını bildirir.
"İlk dəfədir ki, hava zərbələri quruda rejim qüvvələri və üsyançılar (Silahlı Suriya müxalifəti –BBC) arasında toqquşma ilə müşayiət olunub", - Britaniyada mənzillənən təşkilatın rəhbəri Rami Abdel Rəhman deyib.
Fəallar İslam Dövləti qruplaşmasının 4 ərazidə artilleriya atəşinə tutulduğunu və Hama ilə İdlib şəhərlərinin aviazərbələrə məruz qaldığını qeyd edir.
Suriya televiziyası bildirir ki, Hələb şəhərindəki "cihadçıların mövqeləri"nə hava hücumları həyata keçirilib.
Ötən həftədən bəri Suriyada hərbi kampaniyaya başlayan Moskva, İslam Dövləti qruplaşmasını hədəfə aldığını bildirir.
Britaniya hərbi dairələrindəki mənbələr isə İD-ə qarşı yalnız hər 20 zərbədən birinin yönəldiyini deyirlər.
Bəzi Qərb ölkələri hesab edirlər ki, Rusiyanın əsl məqsədi prezident Bəşər Əl-Əsədi dəstəkləməkdir.
Syria prezidentinin opponentlərinə əsasən, Suriyada vətəndaş müharibəsinin çözümü prezidentin vəzifədən getməsini də nəzərdə tutmalıdır.
Lakin prezident Əsəd bildirir ki, Suriyanın siyasi sistemi və ya rəsmiləri barədə müzakirələr "ölkənin daxili işidir".



