Kadırov da Suriyaya əsgər göndərmək istəyir

Şəklin mənbəyi, RIA Novosti
Çeçenistan lideri Suriyadakı əməliyyatlarda yalnız Rusiya hərbi aviasiyasının iştirak etməsindən gileylənib.
Ramzan Kadırovun sözlərinə görə, müvafiq qərarın qəbul olunduğu təqdirdə onun nəzarətindəki qüvvələr Suriyadakı quru əməliyyatlarına da qatılmağa hazırdır.
"Nə yazıq ki, orada yalnız hərb-hava qüvvələri var və piyadalar istifadə edilmir. Təəssüflər olsun ki, çeçenlərin hələ ki, bu şeytanlara qarşı mübarizədə iştirak etmək fürsəti yoxdur", - Çeçenistan lideri çərşənbə günü keçirilən konfransda deyib.
"Biz yollanmağa hazırıq, bizim könüllülərimiz var - on minlərlə adam".
Çərşənbə günü Rusiya Federasiya Şurası ordunun xaricdə istifadəsinə icazə verib. Bu qərardan sonra Rusiya təyyarələri Suriyadakı hədəflərə ilk dəfə hava zərbələri endiriblər.
Prezident administrasiyasının rəhbəri Sergey İvanov Rusiya quru qoşunlarının əməliyyatlara cəlb edilməyəcəyini deyib.
Ramzan Kadırov iyulun sonunda onun tabeçiliyində olan qüvvələrin Donbasdakı döyüşlərdə iştirakını etiraf edib.
