Kadırov: çeçen könüllüləri Putini Qərb təhlükəsindən qoruyacaq

kadırov

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Kadırov könüllülər qarşısında "Terek" futbol klubunun stadionunda çıxış edib.

Çeçenistan rəhbəri Ramzan Kadırov prezident Vladimir Putinə sədaqət andı içərək hərbi təlim keçmiş çeçen könüllülərin "Rusiyanı Qərb təcavüzündən hər an qorumağa" hazır olduqlarını bildirib.

Bazar günü Qroznı şəhərində 20 min çeçen könüllüləri qarşısında çıxış edən Kadırov deyib ki, "ABŞ və Avropa Rusiyaya iqtisadi müharibə elan edib, ölkədə hərc-mərclik, vahimə, kütləvi iğtişaşaılar törətməyə çalışır".

"On beş ildir ki Putin bizim xalqımıza kömək edir! İndisə, sayımız on minlərlə olduğu zaman, biz Rusiya milli rəhbərindən xahiş edirik ki, bizi Ali Baş komandanın Rusiyanı müdafiə etməyə, onun sərhədlərini qorumağa, istənilən tapşırığı yerinə yetirməyə hazır olan xüsusi təyinatlı dəstəsi hesab etsin", Ramzan Kadırov Qroznıda könüllülər qarşısında etdiyi çıxışında bildirib.

Dekabrın ortalarında Rusiyanın NTV teleşirkətinə müsahibəsində Çeçenistan rəhbəri Donbassa yollanıb rusiyapərəst separatçılar tərəfində vuruşmaq həvəsində olduğunu bildirmişdi.

"Elə məsələlər var kı onların öhdəsindən yalnız könüllülər gələ bilər. Biz onları həll edəcəyik", Kadırov vurğulayıb.

Kadırovun bu bəyanatını şərh edən Rusiya müxalifətinin liderlərindən biri Boris Nemtsov hesab edir ki, Rusiyada iqtisadi böhran dərinləşəcəyi halda silahlı çeçen dəstələri indi and içdikləri Putinə təhlükəyə çevriləcəklər.

Kadırov

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Kadırovun sözlərinə görə, Çeçenistan Rusiyanın Putin ətrafında birləşməsində "mərkəzi yerlərdən birini tutur".

Müxalifətçi lider Facebook səhifəsində yazıb kı, "ölkə böhran vəziyyətinə daxil olur, pul çatışmır, o cümlədən, regionlara ayrılan pul vəsaitləri də tükənməkdədir".

"Putinlə Kadırov arasında pul əvəzinə loyallıq sövdələşməsi bitmək üzrədir. Həmin 2 min kadırovçu hara yollanacaq? Nə tələb edəcək?", Nemtsov suallar qoyur.

Bu arada Çeçenistandan verilən xəbərlərə görə, orada yaraqlıların qohumlarına məxsus evlərin məhvi davam etməkdədir.

Bu hərəkətləri pisləyən Amnesty International və Human Rights Watch təşkilatları Rusiya hakimiyyətindən Çeçensitanda hüquq müdafiəçilərinin hədələnməsi və təqibinə son qoymağı tələb ediblər.