Ramzan Kadırov: "Ukraynaya qoşun göndərməmişəm"

Ramzan Kadirov

Şəklin mənbəyi, RIA Novosti

Şəklin alt yazısı, Ramzan Kadırov Donetskdə çeçen döyüşçülərinin vuduşduğunu təkzib edib.

Çeçenistanın Moskva tərəfindən dəstəklənən lideri Ukraynada rusiyapərəst separatçıların köməyinə qoşun göndərilməsi barədə məlumatların yalan olduğunda təkid edir.

Ramzan Kadırov bildirib ki, Çeçenistan Rusiyanın tərkib hissəsidir və öz qoşunlarına malik deyil.

Çeçenistan rəhbəri qeyd edib ki, Ukraynada fəaliyyət göstərən çeçen, bir fərd kimi yalnız özünü təmsil edir.

Bazar ertəsi günü Ukraynanın şərqində ağır döyüşlər gedib.

Separatçıların sözlərinə görə, onlar Donetsk aeroportunu rəsmi Kiyevin qüvvələrindən təmizləməyə çəh etdikləri zaman 100-dək döyüşçü itkisi veriblər.

Ukrayna DİN rəhbəri Donetsk aeroportunun indi Ukrayna silahlı qüvvələrinin nəzarəti altında olduğunu bildirib.

Yeni president Petr Poroşenko ölkənin şərqində üsyanı yatıracağını bəyan etmişdi.

Separatçılar

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Ruspərəst separatçılar Donetsk aeroportunda nəzarəti ələ ala bilməyiblər.
Şaxtaçılar
Şəklin alt yazısı, Donetsk şaxtaçıları çərşənbə günü Kiyevdən ayrılmağa dəstək göstəriblər.

Almaniyanın Bild qəzetinə müsahibəsində Poroşenko vurğulayıb kı, Kiyev “terrorçulara insanları girov götürüb öldürməyə bir daha imkan verməyəcək”.

Yoxa çıxmış müşahidəçilər

Deyilənə görə, aeroport uğrunda gedən döyüşlərdə separatçılar tərəfində Vostok batalyonundan olan Şimali Qafqaz əsgərləri vuruşub.

Çərşənbə günü verdiyi bəyanatda Ramzan Kadırov deyib: “ Ukrayna mənbələri Donetskə Rusiyadan gəlmiş çeçenlərin daxil olduğu barədə məlumatlar yayır. Mən rəsmi sürətdə bunun yalan olduğunu bildirirəm”.

O, əlavə edib ki, “Çeçenistanda 3 milyonluq çeçen xalqının yalnız üçdə ikisi respublika ərazisinin xaricində yaşayır. Onlardan kimin hara getdiyini bilmək bizim səlahiyyətimiz xaricindədir”.

Bu arada ATƏT Donetskə göndərilmiş müşahidəçilərdən ibarət heyətlə əlaqənin kəsildiyini bəyan edib.

Həmin heyətə Türkiyə, İsveçrə, Estoniya və Danimarka nümayəndələri daxil olublar.

Danimarka rəsmiləri ATƏT təmsilçilərinin separatçılar tərəfindən tutulmasının ehtimal olunduğunu bildiriblər.

Bu arada Polşa XİN-i Donetskdə Polşa Katolik kilsəsi keşişinin oğurlandığını xəbər verib.