Maydan Petro Poroşenkodan nə gözləyir?

Ukrayna

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Bir çox maydan fəalları öz mövgelərini tərk etməyə tələsmirlər.
    • Müəllif, Temur Kiquradze
    • Vəzifə, BBC

Petro Poroşenkonun erkən prezident seçkilərində qələbəsi artıq görünür ki, həll olunmuş məsələdir.

Baxmayaraq kı MSK son nəticələri hələlik dərc etməyib, rəqibləri və xarici diplomatlar onu artıq təbrik edirlər.

Siyasətçilər və ekspertlər bir məsələdə yekdildirlər – ukraynanlıların Poroşenko ilə bağlı böyük ümidləri var və xalq ondan verdiyi vədlərə əməl edəcəyini gözləyir.

Bu ilk növbədə ölkənin cənub-şərqində problemin həlli və Ukraynada iqtisadi sabitliyin təmin edilməsini nəzərdə tutur.

“Poroşenko o qədər də xoşuma gəlmirdi – o, oliqarxdır, lakin əlacsılıqdan səsimi ona verdim”, Kiyev sakini Natalya BBC Rus Xidmətinə deyib. O etiraf edib ki, qalan namizədlər ondan daha uğursuz seçim olduğundan, səsini Poroşenkoya verməli olub.

Şəklin mənbəyi, Getty

Ər-arvad Boris və Svetlana Andreyçenkolar Poroşenkoya səs veriblər.

“O samballı və uğurlu biznesmendir, hesab edirəm ki, o, ölkədə qayda-qanun yarada biləcək”, Svetlana deyir.

Onun əri isə mənalı-mənalı əlavə edir ki, Poroşenko bu məsələnin öhdəsindən gələ bilməsə, Ukrayna xalqı nə edəcəyini “yaxşı bilir”.

Kiyevin mərkəzində Maydanda çadırların bir qismi hələ də qalmaqdadır, maydançıların çoxu meydanı tərk etməyə tələsmir.

"Dağılışmaq hələ tezdir"

Poroşenkonun silahdaşı, Kiyev meri vəzifəsi uğrunda liderlik edən Vitali Kliçko, Maydanı barrikada və çadırlardan azad etməyə çağırıb.

Çadır quranların özü isə meydanı mayın 25-dən, prezident seçkilərindən sonra tərk edəcəklərinə söz vermişdi, lakin indi onlarıln fikri dəyişməkdədir.

“Dağılışmaq hələ tezdir, biraz gözləmək lazımdır - baxaq-görək, hadisələr necə inkişaf edir”, Maydan fəalı Oleq deyir.

Ukrayna

Şəklin mənbəyi, BBC World Service

Onun bu fikrilə qonşusu Andrey də razıdır, lakin nə qədər gözləmək lazım gələcək - heç kim bilmir.

"İndi Maydanda qalanlar müxtəlif yerlərdən gələnlərdir. Bəziləri artıq Maydan və çadırlarla doğmalaşıb, onların getməyə indi heç başqa yeri də yoxdur", digər bir maydançı Konstantin deyir. O, üzərinə “Donetsk”, “Luqansk” və “Kramatorsk” yazıları çəkilmiş çadırlara tərəfə baxır.

“Bu uşaqlar şərq bölgələrindən gəlib, onlar indi hara getsin? Onlar geri dönsələr, orada onları sadəcə öldürərlər. Əvvəlcə qoy Poroşenko şərqdə qayda-qanun yaratsın, sonrasına baxarıq”, o, deyir.

"Möcüzə"

Poroşenkonun qələbəsini qarşıdurmadan yorulmuş insanlar təmin edib və onlar vəziyyətin yaxşılaşmasını gözləyirlər, Ukraynalı siyasi təhlilçi Viktor Nebojenko hesab edir.

BBC Rus Xidmətilə söhbətdə Nebojenko qeyd edib ki, Ukraynalılar Poroşenkodan “möcüzə” gözləyərək, ümid edirlər ki qısa zamanda o, cənub-şərqdəki böhranı həll edəcəyi barədə vədlərini yetrinə yetirəcək.

Bu zaman o razılaşır ki, ölkə fasiləsiz etirazlardan yorulub və dinc həyata qayıtmaq istəyir, bu isə ona işarə edir ki, maydan hərəkatını başa çatdırmağın vaxtı çatıb.

Ukrayna

Şəklin mənbəyi, BBC World Service

Daha bir ekspert - Leonid Tupişenko isə, qeyd edir ki, Petro Poroşenkoya Ukrayna seçiciləri böyük ümidlər bağlayır. O, Poroşenkonun götürdüyü öhdəlikləri yerinə yetirə biləcəyinə o qədər də inanmadığını qeyd edərək, vurğulayır ki, onun əsas məqsədi Maydanın qorunması olmalıdır.

“Mən Maydan ideyasını nəzərdə tuturam, insanların mübarizə apardığı idealları nəzərdə tuturam. Onlar həmin ideyalara xəyanət olunduğunu hiss etsələr, hadisələr təzədən təkrar olunacaq. Maydanın üçüncü mərhələsi başlayacaq”, ekspert vurğulayıb.