Donetskdə itkin düşən ATƏT müşahidəçilərini "separatçılar tutub"

Şəklin mənbəyi, Reuters
Danimarka naziri bildirib ki, Donetskdə itkin düşmüş dörd ATƏT müşahidəçisinin rusiyapərəst separatçılar tərəfindən saxlanıldığı güman edilir.
Bazar ertəsi yerli vaxtla 18:00 radələrində monitorinq qrupu ilə əlaqə itib.
"Təsdiq edirəm ki, bizdə olan məlumata görə, ATƏT müşahidəçisi qismində işləyən Danimarka vətəndaşı və üç digər müşahidəçi [bazar ertəsi] Ukraynada silahlı separatçılar tərəfindən saxlanılıb", - Danimarka ticarət və inkişaf naziri Mogens Jensen bildirib.
Bundan əvvəl Estoniya XİN də bunu deyib. İtkin düşən müşahidəçilər arasında Estoniya, Türkiyə və İsveçrə vətəndaşları da var.
Döyüşlərdə 40 adam ölüb
Donetskdə keçirilən "anti-terror əməliyyatında" 38 döyüş iştirakçısı və iki dinc sakin öldürülüb, şəhərin meri Aleksandr Lukyançenko bildirib.
Onun sözlərinə görə, ölənlərin əksəriyyəti hazırda "identifikasiyadan keçir" və hakimiyyət onların hansı tərəf üçün döyüşdüyünü müəyyən etməkdədir.
Mer həmçinin deyib ki, Donetsk xəstəxanasına 31 yaralanmış şəxs gətirilib, o cümlədən dörd dinc sakin.
Bundan əvvəl tanınmamış "Donetsk Xalq Respublikasının" döyüşçüləri Donetsk aeroportunu ələ keçiriblər. Cavab olaraq Ukrayna silahlı qüvvələri havadan zərbələr endirib.
Çərşənbə axşamı günü Ukrayna Müdafiə Nazirliyindən bilridiblər ki, Ukrayna silahlı qüvvələri aeroporta nəzarəti bərpa edib.




