Gürcü şərabı niyə böhran keçirir?

Gürcü şərabının Rusiya və Ukraynaya ixracının azalması ölkənin şərqindəki Kaxetiyanın üzümçülərinə ciddi zərbə vurub.
BBC Rus xidmətinin Tbilisi müxbiri Nina Axmeteli yazır ki, indi Gürcüstanda “rtveli” – yəni üzüm yığımı mövsümüdür, amma üzümlər tənəklərdə çürüyür.
Kəndlilər deyirlər ki, hazırkı alış qiymətləri ilə üzüm yetişdirmək sadəcə olaraq mənasızlaşıb. Necə deyərlər, xərci borcunu ödəmir.
“Ötən il fermerlər bir kilo üzümü bir laridən (42 sent) verirdilər. Adamlar hətta yeni tənəklər basdıqmağa başlamışdılar. İndi isə qiymət ölüb, əksinə tənəkləri baltalayırlar” – deyir Qurcuani rayonundan Givi Nadaşvili.
Halbuki 2014-cü ildə gürcü şərabının Rusiyaya eksportu bərpa olunanda ixrac rekord həddə çatmışdı.

Bu ilin ilk səkkiz ayı ərzində şərab ixracı 46 faiz azalıb.
Doğrulmayan ümidlər

Kaxetiyada çoxları üçün üzüm çörək ağacıdır.
74 yaşlı Georgi Vardiaşvili deyir ki, ömrünün çox hissəsini üzümçülüyə həsr edib. 6 hektar tənəkliyi var.
“Baxın mənim üzümüm çürüyür, - deyir üzümçü, - Müəssisələr almır, alanda da fərli pul vermirlər”.
Onun üzümlüyündə hakim “Gürcüstan arzusu” koalisyasının bayrağı dalğalanır. Onları 2012-ci il seçkilərində dəstəkləyib. Lakin koalisiya onun gözləntilərini məyus edib.
Deyir ki, belə koalisiya onun nəyinə lazımdır?

“Əgər hər kiloya 1 lari versələr, bu bayraq mənim üzümlüyümdə dalğalanmaqda davam edəcək” – deyir Vardiaşvili.
Rusiyaya ixrac: Yüksəlişlər və enişlər
Əslində dövlət, məhsulunu şərab zavodlarına verən üzümçülərə 6-15 sent civarında dotasiya verir. Bu halda onlar ağ üzümün bir kiloqramını 25, qara üzümün bir kiloqramını isə 36 sentdən satmış olurlar.

Kəndlilər isə düşünürlər ki, bu yardım xeyli azdır. Onlar üçün münasibət qiymət hər kiloqrama azı bir laridir (42 sent).
Gürcü çaxırının Rusiya bazarına qayıtması şərabçılığı dirçəltmişdi, hökumət bununla fəxr edirdi.
Şirkətlər yüksələn qiymətlərə baxmayaraq üzüm məhsulunu yaxşı alırdılar. Pkasiteli növlü üzümün bir kiloqramına 42 sent ödəyirdilər. İndi eyni sortun bir kilosu 25-29 sentə gedir.
Nəticədə bir çox şirkətlər üzüm alışını azaldıblar. Ötən il “Şumi” şirkəti emal etdiyi üzümün yarısını əhalidən almışdı. Lakin şirkətin direktoru Akaki Tsopuraşvilinin dediyinə görə bu il yalnız şirkətin öz üzümü emal ediləcək.

Onun sözlərinə görə, Rusiyada satışa inflyasiya mənfi təsir göstərib. Ukraynada isə vəziyyətin tezliklə stabilləşəcəyinə ümid azdır.
Bu il Schuchmann Wines Georgia şirkəti üçün də uğurlu olmayıb. Şirkətin rəhbəri Roland Burdiaşvili deyir ki, İxrac 30 faiz azalıb. Digər tərəfdən ötən il ixracın 40 faizi Rusiyanın payına düşürdüsə, bu il bu rəqəm 10 faiz olub.
Burası da var ki, ixrac yalnız bu il azalıb. Amma, məsələn 2011-12-cü illərlə müqayisə etdikdə əksinə 15 faiz artım var.
Məcburi addım

Lakin fermerlər hətta ən aşağı qiymətlərlə də olsa, mallarını satmağa çalışırlar. Qəbul məntəqələrinin qarşısında uzun növbələr düzülür. Digər tərəfdən dövlət də üzümün alınmasına çalışır. İndiyədək 8 minədək üzümçü məhsulunu sata bilib.
Gürcüstanın kənd təsərrüfatı naziri Otar Daneliyanın sözlərinə görə, ötənilki qiymətlər o qədər yaxşı olub ki, bu il subsidiyaları davam etdirmək məntiqsiz olardı. O deyir ki, dövlət bu sahənin müstəqilləşmə prosesinə mane olmaq istəməyib.
Ənənəvi bazarlar

Digər tərəfdən bazarın şaxələndirilməsi prosesi gedir. Rusiya və Ukraynaya çaxır ixracatı 60 faiz azalsa da, Çin, Kanada, Yaponiya, Şərqi Avropa və MDB-də bazar xeyli genişlənib.
Bununla belə, əksər şərabçıların fikrincə, ənənəvi bazarlara əvəz tapmaq asan deyil. Rusiya Gürcüstanın ən böyük şərab alıcısı olaraq qalır. Təkcə bu ilin 8 ayı ərzində Rusiyaya 10 milyon şüşə şərab göndərilib.

Cənab Daneliya da bildirir ki, bu mənada Gürcüstan şərabının yaxşı tanındığı keçmiş Sovet İttifaqı ərazisində olan bazarlar daha sərfəlidir.
“Əlbəttə, Amerikaya, Çinə, Yaponiyaya ixracat artır, amma oralarda çox işləmək lazım gəlir. Postsovet məkanında isə gürcü çaxırı onilliklər boyunca məşhur olub” – deyir nazir.
2015-ci ili 8 ayı ərzində Gürcüstan dünyanın 37 ölkəsinə 20 milyon şüşə şərab ixrac edib.




