Gürcü şərabı Rusiya bazarlarına qayıdır

Gennadi Onişenko
Şəklin alt yazısı, G.Onişenko eləcə də Gürcüstanda ABŞ hərbi-bioloji labaratoriyasının fəaliyyət göstərməsindən də narazıdır.

Rusiyanın istehlak bazarını tənzimləyən Rospotrebnadzor idarəsinin 3 ekspert qrupu yaxın günlərdə şərab istehsalı ilə məşğul olan Gürcüstan müəsissələrinin təftişi məqsədilə Tbilisiyə yola düşəcək.

Təftişin Rusiya bazarına Gürcüstan şərabını ixrac etməyə hazırlaşan müəsissələrdə aparılacağı gözlənilir, Rospotrebnadzor rəhbəri Gennadi Onişenko bildirirb.

Rusiya 2006-cı ildə Gürcüstandan şərab və mineral su məhsulunun Rusiyaya idxalına qadağa qoyaraq, bunu keyfiyyətin aşağı olması ilə əsaslandırıb.

Bu ilin iyun ayından isə Gürcüstandan şərab və mineral suyun Rusiyaya idxalı bərpa olunub.

Gennadi Onişenko eləcə də Gürcüstan ərazisində ABŞ-ın hərbi-bioloji laboratoriyasının fəaliyyət göstərməsi məsələsinə də toxunub.

Tbilisidə bu məsələnin də müzakirə olunmasını təklif edən Rusiya rəsmisinin təbirincə, "bu gerçək bioloji potensial Cənubi Qafqaz və Rusiyanın cənub bölgələri üçün təhlükə kəsb etməkdədir".

Moldova

Bu arada, Moskva yaxın zamanlarda Moldovadan Rusiyaya ixrac edilən spirtli içki məhsulunu qadağan edə bilər.

Bu məsələyə dair qəti qərar Moskvada bu gün qəbul olunmalıdır, Rospotrebnadzor idarəsinin rəhbəri Gennadi Onişenko jurnalistlərə bildirib.

Onun təbirincə, Moldovadan Rusiyaya gətirilən şərab məhsullarının idxalına qadağa qoyulması ehtimalı mövcuddur.

Onişenkonun sözlərinə görə, Moldovadan Rusiyaya idxal edilən şərab məhsullarında ziyanlı kimyəvi qarışıqlar, o cümlədən, "dibutiftalat plastifikatoru" aşkar olunub.

Moldova şərab istehsalçıları isə bu iddiaların əsassız olduğunu və Rusiya tərəfindən səslənən qadağa hədəsinin siyasi səciyyə daşıdığını bildirirlər.