Gürcüstan şərabçıları Avropa tariflərinin başa çatmasını bayram edir

Şəklin mənbəyi, Getty
- Müəllif, Paul Brian
- Vəzifə, Tbilisi, Gürcüstan
Belə bir rəvayət var ki, şərab ilk dəfə 8 min il əvvəl balaca Gürcüstanda icad olunub.
Bu gün şərabçılıq Gürcüstan iqtisadiyyatının mühüm sahəsi olmaqla yanaşı, bu Qafqaz xalqının milli kimlik rəmzi olaraq qalır. Minlərlə şərabçı ildə 100 milyon şüşə şərab istehsal edir.
İyunun 27-də insan izdihamı Gürcüstanın Avropa ilə azad ticarət sazişi bağlamasını qeyd etmək üçün paytaxt Tbilisinin küçələrinə çıxanda, bu hadisə çox sayda şərab şüşəsi tıxacının açılması ilə bayram edilmişdi.
Bu saziş o deməkdir ki, sentyabrın 1-dən Gürcüstanın Aİ standartlarına cavab verən məhsulları Avropa İttifaqının üzv ölkələri tərəfindən idxal olunarkən onlara heç bir tarif rüsumları tətbiq edilməyəcək.
Əksəriyyəti bu biznesi ailə şəklində aparan Gürcüstan şərabçılarının məhsulunu Avropa bazarlarında azca aşağı qiymətlə asan əldə etmək mümkün olacaq.
“Bu o deməkdir ki, biz başqa rəqiblərlə eyni səviyyədə olacağıq – deyir Gürcüstan hökuməti Milli Şərabçılıq Agentliyinin (MŞA) marketinq üzrə direktoru Irakli Cholobargia.

Şəklin mənbəyi, Reuters
MŞA hesablayıb ki, Gürcüstan şərablarını idxal etmiş Avropa İttifaqı ölkələri ötən il təkcə tariflərə 488 min 109 dollar xərcləməli olublar. Məhz bu əlavə xərclər innən belə olmayacaq.
Gürcüstanın Kaxetiya regionunda Jakeli şərabçılıq müəssisəsini işlədən Malxhaz Jakeli azad ticarət sazişinin imzalanmasına görə təşəkkürünü bildirir və Avropa İttifaqına ixracın xeyli artacağını gözləyir.
“Məncə indi, tariflər olmadan Aİ idxalçılarının da işi asan olacaq” – deyir Jakeli.
O həm də deyir ki, Aİ-yə ixracın artması, heç şübhəsiz, Gürcüstan şərabının keyfiyyətini qaldıracaq, çünki şərabçılar başqa ölkələrdən olan həmkarları ilə rəqabət aparacaqlar.
Çətin rəqabət
Gürcüstan şərabçıları üçün Aİ bazarına çıxış, həm də onlara məhsullarının ən böyük bazarı olan Rusiya ilə bağlı gələcək problemlərində güclü sığorta imkanı verəcək.
Rusiya ənənəvi olaraq Gürcüstan şərabının ən böyük idxalçısıdır, lakin bu idxal 2006-cı ildə Moskva tərəfindən bir gecənin içində qadağan olunmuşdu.

Şəklin mənbəyi, Getty
Gürcüstan şərabı barədə faktlar
- Gürcüstanda yerli üzümün 400 müxtəlif növü yetişdirilir. Bu, hər hansı başqa ölkədə olduğundan xeyli çoxdur
- Şərablar ənənəvi olaraq kvevri adlanan iri saxsı küplərdə “qocaldılır”. Bu küpləri qış aylarında torpağa basdıdırlar
- İstehsal həcmlərinə görə Gürcüstan keçmiş Sovet İttifaqında Moldovadan sonra ikinci yeri tutur
- Burada ağ, qırmızı, çəhrayı, şirin, qazlı və gücləndirilmiş olmaqla bütün şərab növləri istehsal olunur.
- Burada 18 əsas şərabçılıq sahəsi var
O vaxt Kreml bildirmişdi ki, embarqo Gürcüstan şərabının aşağı keyfiyyətinə görə qoyulub, lakin müşahidəçilər qadağanın Gürcüstanı, hökumətin NATO-ya qoşulmaq niyyətlərinə görə cəzalandırmaq məqsədilə qoyulduğuna inanırdılar.
Bundan sonra münasibətlər daha da korlandı və iki il sonra Gürcüstanın ondan qopmaq istəyən və Rusiya tərəfindən dəstəklənən Cənubi Osetiya regionuna qoşun yeritməsinin ardınca Rusiya ilə Gürcüstan arasında qısa bir müharibə baş verdi.

Gürcüstan şərabının Rusiyaya ixracı qadağandan 7 il sonra, 2013-cü ilədək bərpa olunmadı.
Hazırda Rusiya yenidən Gürcüstan şərabının iri həcmlərdə idxalını bərpa edib. Bu ilin ilk 6 ayı ərzində Rusiyaya 17 milyon şüşə şərab göndərilib. Bu, Gürcüstan şərabı ixracının 66 faizi deməkdir. Bütün bunlara baxmayaraq, Tbilisi başqa bazarlara da açılmaq niyyətindədir.
Hazırda Gürcüstanın Aİ ilə azad ticarət sazişi imzalamasına görə Rusiyadan dərhal təzyiqlər olmayacağına dair tərəddüdlü bir konsensus olsa da, bəzi gürcülər Rusiyanın gələcəkdə yeni maneələr yarada biləcəyindən narahatdırlar.
MŞA-nın sədri Levan Davitashvili deyir: “Biz bazar strukturumuzu şaxələndirmək istəyirik. Biz Rusiyadan daha az asılı olmalıyıq”.
Aİ-də gürcü şərabının ən böyük alıcıları Polşa və Baltikyanı ölkələrdir. Cənab Davitashvili məhz bu ölkələrdə satışın xeyli artacağına ümid bəsləyir.

Əksinə, o, Qərbi Avropa bazarlarına müdaxilədə elə bir artım gözləmir, çünki onun sözlərinə görə “bu bazar artıq Aİ-nin öz istehsalçıları tərəfindən tutulub”.
Lakin Tbilisi Dövlət Universitetindən iqtisadçı Eric Livny deyir ki, gürcü şərabı Rusiya istehlakçıları arasında populyar olduğundan, Gürcüstan şərabçıların başlıca diqqəti Rusiya üzərində qalmaqda davam edəcək.
“Gürcü şərabı Rusiya bazarında ona görə çox asanlıqla gedir ki, Rusiyada onun oturuşmuş brendi var. Avropada isə bu, çox çətin rəqabət tələb edəcək” – deyir iqtisadçı.
Fermerlərə yardım
Gürcüstanın işçi bazarının yarısını təşkil edən və yenə də ailəli şəkildə işləyən fermalardan ibarət kənd təsərrüfatı sektorunda Aİ ilə sazişin gətirəcəyi çətinliklərə dair həm ümid, həm də narahatlıqlar var.
Ölkə boyunca 900 fermeri bilrəşdirən Gürcüstan Fermerlər Assosiasiyasının sədri Nino Zambaxidze deyir ki, bir çox üzvlərin narahatçılığı beynəlxalq miqyasda tanınan keyfiyyət şəhadətnamələrinin xərclərindəndir. Aİ-yə məhsul ixrac etməzdən əvvəl məhz belə şəhadətnamələrin alınması tələb olunur.
O düşünür ki, hər halda, bu işin xeyri, ziyanından qat-qat çox olacaq.
“Əgər biz fermerlərə lazımi mesaj və məlumatları verə bilsək və eyni zamanda çox sayda biznes təmayüllü insanlar fermerlərlə birgə işləmək üçün kənd yerlərinə gəlsələr, bu, bizə Aİ bazarına hər hansı problemsiz daxil olmaq imkanı verər” – deyir xanım Zambaxidze.
“Aİ-dən ala biləcəyimiz ən mühüm şey təhsil və Aİ fermerlərinə verilən yeni texnologiyalardır” – deyir Zambaxidze.
Xanım Zambaxidzenin özü də Axaltsix şəhəri yaxınlığında yerləşən Tsnisi Südçülük Zavodunun şəriki kimi gələn ildən Avropaya məhsul ixracı barədə düşünür.

Bu ferma hazırda günə 500 kiloqram gürcü pendiri istehsal edir.
Nəzərlərini Avropaya ixracata dikmiş başqa bir kiçik biznes adamı Irakli Partsvania, özünün dediyi kimi Avropanın ən böyük qaragilə plantasiyalarından birinə sahibdir.
Hazırda cənab Partsvanianın qaragilə məhsulu verən 70 hektar torpaq sahəsi var, lakin o, əlavə olaraq 450 hektar əldə etmək barədə düşünür.
“Gürcüstan çox kiçik bazardır. Odur ki, biz bəri başdan Avropa və Amerika bazarlarının təchizatı barədə danışır və düşünürük”, – deyir o.
İndiyədək cənab Partsvania topladığı 75 tonluq qaragilə məhsulunun 10 faizini Avropa İttifaqına ixrac edib. Bunun 2 tonu Böyük Britaniya tərəfindən alınıb.
Tariflərin qaldırıması ilə əlaqədar olaraq, Partsvaniya Avropa İttifaqına göndərilən məhsulu nəzərəçarpacaq kəmiyyətdə artırmağı planlaşdırır.




