ABŞ Rusiyanı Suriyadakı hərbi siyasətinə "aydınlıq gətirməyə" səsləyib

Şəklin mənbəyi, Syria Army
Amerikanın dövlət katibi rusiyalı həmkarını Suriyada Moskvanın hərbi mövcudluğunun artırılması ilə bağlı məsələyə aydınlıq gətirməyə səsləyib.
Prezident Bəşər əl-Əsədə davam edən dəstək “münaqişənin genişlənməsi və kəskinləşməsi riskini” yaradır, cənab Kerry telefon söhbətində Sergey Lavrova bildirib.
ABŞ Moskvanı Suriyada öz hərbi mövcudluğunu genişləndirməkdə suçlayır.
Kreml İslam Dövləti qruplaşmasına qarşı mübarizə aparmaq üçün Suriya ordusunu silah-sursatla təchiz etdiyini bildirir.
John Kerry-nin son 10 gün ərzində Sergey Lavrova 3 dəfə telefon etdiyi güman edilir.
Rusiyanın prezident Bəşər əl-Əsədə dəstəyi “ekstremizmə qarşı müştərək mübarizəmizi zərbə altına alır”, - diplomatlarların telefon söhbəti ilə bağlı Ağ Evin yaydığı açıqlamada bildirilir.
"Dövlət katibi həmçinin təsdiq edib ki, ABŞ Bəşər-əl-Əsədin heç bir zaman etibarlı üzvü olmayacaq 60 ölkədən ibarət koalisiya tərkibində İŞİD-ə (İslam Dövləti qruplaşması) qarşı mübarizə aparmaq öhdəliyinə sadiq qalır və Rusiyanın İŞİD əleyhinə səylərdə konstruktiv rolunu salamlayır”.

Şəklin mənbəyi, AFP
Təhlil: Jonathan Marcus, Müdafiə məsələləri üzrə BBC müxbiri
Rusiyanın cənab əl-Əsədə dəstəyi müharibə aparan prezidentə inamdan daha çox, Moskvanın xarici siyasət məqsədlərini həyata keçirəcə biləcəyini düşündüyü bir ölkəyə siyasi yatırım cəhdi kimi görmək lazımdır.
Həqiqətən də cənab Putinin Suriyada hərbi güc yerləşdirməsi əl-Əsəd rejiminin süqutuna yol verilməyəcəyi barədə bir siqnaldır. Bu, cənab əl-Əsədin əbədi olaraq hakimiyyətdə qalacağı demək deyil.
Ölkənin hərbi siyasətilə tandem təşkil edən Rusiya diplomatiyası cənab əl-Əsədin, ən azı müvəqqəti olaraq, hakimiyyətdə qalmasını nəzərdə tutan müəyyən sövdələşməyə nail olmaq imkanlarını araşdırır.

Rusiya Qərb qərarlarının Yaxın Şərqdə fəlakətlə nəticələndiyini hesab edir. Ekstremist islamçılıq və daha geniş bölgə təmayüllərilə bağlı narahatlıqları nəzərə alan Moskvanın siyasəti cənab əl-Əsəddən daha sonrakı dövrlərə hədəflənib.
"Rusiya yardımı davam etdirəcək"
Rusiya prezidenti ölkəsinin müharibədəki rolu ilə bağlı narahatlıqların artmasına rəğmən Suriya prezidenti Bəşər əl-Əsədə hərbi dəstəyin davam etdiriləcəyini vəd edib.
Vladimir Putin başqa ölkələri də Suriyaya "hərbi-texniki yardım" göndərməyə səsləyib.
O deyib ki, Rusiyanın Suriya hökumətinə dəstəyi olmasa idi, Avropaya qaçqın axını "daha da böyük" olardı.
ABŞ və onun Qərbdəki müttəfiqləri hesab edirlər ki, Bəşər əl-Əsədə dəstək münaqişənin uzadılması riskini yaradır.
Moskva 2011-ci ildə başlayan Suriya vətəndaş müharibəsi boyunca əl-Əsəd rejiminin yaxın müttəfiqi olub.

Şəklin mənbəyi, Reuters
Moskva İslam Dövləti qruplaşmasına qarşı mübarizə aparmaq üçün Suriya ordusunu silah-sursatla təchiz etdiyini bildirir.
ABŞ narahatlığı
ABŞ Rusiyanın Suriyadakı fəallığı ilə bağlı narahatlığını ifadə edib.
Pentaqon sözçüçü Jeff Davis Rusiyadan Suriyanın sahilyanı zolağına insan və texnikanın çatdırıldığını bildirib.
Sahilyanı Latakiya şəhəri yaxınlığında Rusiyanın son fəallığı onun “hava bazası yaratmaq” planları ilə bağlı ola bilər, ABŞ rəsmisi deyib.
Rusiya prezident Bəşər əl-Əsəd hökümətinin mühüm müttəfiqi sayılır.
Son günlər ərzində Rusiyanın Latakiya şəhəri ətrafındakı əraziyə və oradakı hava bazasına insan və texnikanın çatdırılmasına dəlalət edən məlumatlara rast gəlmişik, Jeff Davis qeyd edib.
Rəsmiyə əsasən, bu, Rusiya “hava bazasını yaratmaq" planlarından xəbər verə bilər. Rusiyanın xarici işlər naziri ehtiyac olarsa, Suriyaya daha çox kömək göndəriləcəyini deyib.

Şəklin mənbəyi, AFP
"Rusiya cari müqavilələrə müvafiq şəkildə Suriyaya hərbi texnika və humanitar yardım daşıyan təyyarələr göndərir”, - Sergey Lavrov deyib.
ABŞ ehtiyat edir ki, Rusiyanın son addımları İslam Dövləti qruplaşması əleyhinə koalisiya qüvvələrinin hava reydlərini əngəlləyə bilər.
ABŞ-ın açıqlamasından əvvəl Suriya mətbuatı Rusiya təyyarələrilə ölkəyə 80 ton humanitar yardımın çatdırıldığını bildirib. Təyyarələrin prezident Bəşər Əl-Əsədin istehkamı sayılan Latakiya şəhərindəki hava bazasına endiyi xəbər verilir.
Rusiya Müdafiə Nazirliyinin sözçüsü general mayor İqor Konaşenkov təyyarələrdə qaçğın düşərgələri üçün çadırların olduğunu deyib.
ABŞ rəsmiləri hesab edirlər ki, Rusiyanın dəstəyinin artması hərbi cəhətdən zəifləyən prezident Bəşər əl-Əsəd hökumətini möhkəmlədə və siyasi tənzimləməyə yönələn son cəhdlərə maneə yarada bilər, BBC müxbiri Barbara Plett Usher Nyu Yorkdan xəbər verir.
Suriya hökuməti bu yaxınlarda şimal-şərqdə yerləşən İdlib şəhəri yaxınlığındakı hərbi bazaya nəzarəti əldən verib.
Ötən həftə Reuters agentliyi adı açıqlanmayan ABŞ rəsmilərinə əsasən yaydığı məlumatda Suriyanın sahilyanı Tartus şəhərindəki Rusiya hərbi dəniz bazasına əlavə təyyarə və iki tank desant gəmilərinin göndərildiyini bildirib. Rusiya bazasında az sayda hərbi dəniz piyada qüvvələrinin yerləşdirildiyi də qeyd olunur.
Suriyada davam edən vətəndaş müharibəsi gedişatında 240 adam həyatını itirib, miyonlarla insan evlərindən didərgin düşüb.




