Lavrov: "Rusiya Suriyaya silahları müqavilələr əsasında göndərir"

Şəklin mənbəyi, Reuters

Rusiyanın xarici işlər naziri Suriyaya göndərilən təyyarələrdə humanitar yardımdan başqa hərbi-texniki əməkdaşlıq müqaviləsinə əsasən hərbi təyinatlı yüklərin olduğunu bildirib.

"Təyyarənin hansı yükü daşımasından asılı olaraq beynəlxalq qanunlara müvafiq şəkildə tələb edilən icazəni alırıq”, - Sergey Lavrov deyib.

Nazir Suriyada uzun müddət ərzində rusiyalı hərbçilərin olduğunu deyib.

"Onların Suriyada olması “İslam Dövləti” simasında terrorçu və digər ekstremist qruplara qarşı təkbaşına mübarizə aparan Suriya ordusunun hərbi silah-sursatla təchizatı ilə bağlıdır”.

Çərşənbə axşamı Reuters agentliyi Livan mənbələrinə istinadən yaydığı xəbərdə rusiyalı mütəxəssislərin bilavasitə döyüşlərdə iştirak etdiyini bildirib.

Həmin məlumatda adı açıqlanmayan ABŞ rəsmiləri ötən gün Suriya sahillərinə tank daşımağa qadir Rusiya gəmilərinin çatdığını deyib.

BBC-ə danışan Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskva ilə Dəməşq təmaslarının hərbi-texniki əməkdaşlıq çərçivəsindən kənara çıxmadığını bildirib.

"Rusiya heç vaxt Suriya ilə hərbi-texniki əməkdaşlığını gizli saxlamayıb".

Cümə axşamı Rusiya prezidentinin mətbuat katibi deyib ki, Moskva Suriya ordusunu “İslam Dövləti” qruplaşmasına qarşı müqavimət göstərəcək yeganə qüvvə hesab edir.

Buna görə Moskva Dəməşqə dəstək göstərmək istəyir, Dmitri Peskov bildirib.