ABŞ Rusiyanın Suriyada "hərbi potensialını gücləndirməsindən narahatdır"

Şəklin mənbəyi, AFP
ABŞ və Nato Rusiyanın Suriyada hərbi iştirakını artırması ilə bağlı yayılmış xəbərlərdən narahat olduqlarını bəyan ediblər.
Nato rəhbəri Jens Stoltenberg bildirib ki, məlumat doğrudursa, Rusiyanın iştirakı münaqişənin həllinə kömək etməyəcək.
Çərşənbə günü ABŞ-ın Dövlət Katibi John Kerry Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla telefon danışığı zamanı narahatlığını "bir daha bəyan edib". Onun fikrincə, bu hal "daha böyük zorakılığa gətirib çıxara bilər".
Dörd illik vətəndaş müharibəsi zamanı Suriya hakimiyyətinin əsas müttəfiqi Rusiya isə Suriyaya yalnız hərbi ekspertlər göndərdiyini bildirib.
Müxbirlər xəbər verir ki, Moskvanın dəstəyi olmadan, Suriya prezidenti Bashar al-Assad "artıq məğlub olmuşdu".
"Gizli heç nə yoxdur"
Adı açıqlanmayan ABŞ rəsmilərinin Reuters agentliyinə verdiyi məlumata görə, Moskva təxminən son sutka ərzində Suriyanın sahilyanı şəhəri Tartusda yerləşən Rusiya hərbi dəniz bazasına əlavə təyyarə və iki tank desant gəmiləri göndərib. Onlar həm də deyiblər ki, burada az sayda hərbi dəniz piyada qüvvələri də yerləşdirilib.
Lakin Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çərşənbə günü açıqlama verərək, təkid edib ki, bu hallar "yeni bir şey deyil". Onun sözlərinə görə, Moskva Suriyaya açıq şəkildə silah tədarük edir və uzun müddətdir ki, hərbi mütəxəssislər göndərir.
"Rusiya heç vaxt Suriya ilə hərbi-texniki əməkdaşlığını gizli saxlamayıb", o bildirib.

Şəklin mənbəyi, AFP
Suriya isə öz növbəsində, ərazisində "Rusiya qoşunlarının hərbi potensialının gücləndirilməsi" xəbərlərini təkzib edib.
Adı açıqlanmayan Livan rəsmiləri rus əsgərlərinin artıq döyüşlərdə iştirak etməsi barədə Reuters agentliyinə məlumat verib.
Bu arada, İrandakı Rusiya səfirliyinin sözçüsü Rusiya mətbuatına Moskvanın Suriyaya göndərdiyi təyyarələrin İran ərazisinin üzərindən uçmağına icazə verildiyini deyib. Amma hələlik İran bu məlumatı təsdiqləməyib.
ABŞ hazırda Suriya və İraqda İslam Dövləti qruplaşmasına qarşı öz hərbi hava kampaniyası ilə məşğuldur.
Rusiya və ABŞ Suriya münaqişəsinə görə kəskin fikir ayrılıqlarına malikdirlər. Rusiya Suriya hökumətini dəstəkləyir və silahla təmin edir. ABŞ isə prezident Bashar al-Assadin məğlub olmasını istəyir.
Bashar al-Assadin rejimi 2011-ci ildən müxtəlif üsyançı qrupları ilə müharibə şəraitində yaşayır. Bu münaqişədə bu günədək azı 240,000 nəfər həlak olub.




