Bin Ladenin oğlu adından "əl-Qaidə tərəfdarlarına çağırış"

Şəklin mənbəyi, AFP

Əl-Qaidə təşkilatı özünün sabiq lideri Üsamə Bin Ladenin oğlu, Həmzə Bin Ladenə aid olduğu deyilən səs müraciətini yayıb.

İlk dəfədir ki, təşkilat təbliğatında Həmzə Bin Laden əl-Qaidənin rəsmi üzvü kimi təqdim edilir.

Əl-Qaidə tərəfdarlarının Twitter şəbəkəsində paylaşdığı müraciətdə Həmzə Bin Laden ABŞ və onun müttəfiqləri üzərinə hücumlara səsləyir.

Üsamə Bin Laden 2011-ci ildə ABŞ qüvvələrinin Pakistanın Abbotabad şəhərində həyata keçirilən xüsusi əməliyyat nəticəsində qətlə yetirilib.

Onun ölümündən sonra əl-Qaidə təşkilatın ikinci şəxsi olmuş Ayman əl-Zəvahiri tərəfindən idarə olunur.

Həmzə Bin Ladenin harada olduğu məlum deyil. Hazırda onun 25 yaşlarında olduğu təxmin edilir.

2001-ci ildə ABŞ qüvvələrinin Əfqanıstana müdaxiləsi vaxtı Al-Jazeera kanalının yayımladığı görüntülərdə onun Taliban döyüşçüləri arasında nəzərə çarpdığı güman edilir.

Onun əl-Qaidə saytındakı audiomüraciətində Kabul, Bağdad və Qəzzadakı təşkilat tərəfdarları Vaşinqton, London, Paris və Tel-Əviv üzərinə cihada çağırılır.