Seymour Hersh: Bin Ladenin öldürülməsinin ABŞ versiyası “yalanlarla doludur”

Şəklin mənbəyi, BBC World Service
- Müəllif, Anthony Zurcher
- Vəzifə, BBC-nin Şimali Amerika müxbiri
Prezident Barack Obamanın prezidentliyinin birinci müddətində onun xarici siyasətinin ən böyük uğuru kimi qiymətləndirilən hadisənin qəhrəmanlıq hekayətinə qarşı ittihamlar son dərəcə sərtdir.
Pulitzer mükafatlı yazar Seymour Hersh iddia edir ki, əl-Qaidə liderinin öldürülməsi ilə nəticələnmiş reyd heç də gizli bir ABŞ əməliyyatı olmayıb və reyd ABŞ və Pakistanın hərbi kəşfiyyatları tərəfindən müştərək keçirilib.
Hershin uzun-uzadı məqaləsi ABŞ və Pakistanda mənfi reaksiya doğurub və rəsmilərin fikrincə, bu iddialar əsassız və sual doğuran nəticələrə əsaslanır.
“Üsamə bin Ladenin öldürülməsinin təkbaşına ABŞ missiyası olmasına dair şübhələr açıq-aşkar saxtakarlıqdır” – deyib Ağ Evin sözçüsü Ned Price. O əlavə edib ki, Herschin yazısı “xətalar və əsassız ehtimallarla” doludur.
Hershin iddiaları
Hershin məqaləsinin əsasını bu təşkil edir ki, bin Laden 2006-cı ildən bəri əslində Pakistanın nəzarətində olub və Səudiyyə Ərəbistanının maliyyə təminatı ilə Abbotabadda saxlanıb.
Hersh bildirir ki, yüksək vəzifəli Pakistan rəsmiləri, ABŞ bin Ladenin harada olduğu barədə Pakistan kəşfiyyat orqanlarındakı mənbələrdən öyrənəndən sonra (iddia edildiyi kimi əl-Qaidə əsirlərinin dindirilməsindən və Bin Ladeninin kuryerinin araşdırılmasından sonra yox) bu şəhərciyə “reyd” keçirilməsi, yəni de facto sui-qəsd üçün ABŞ-a razılıq veriblər.
Bundan sonra tərəflər arasında guya sövdələşmə olub. Bu sövdələşməyə görə ABŞ-ın bu ərazini müşahidə etməsinə, Bin Ladendən DNT nümunəsinin əldə olunmasına icazə verilib, habelə əməliyyatı yönəltmək üçün Pakistan agenti ayrılıb. Bunun müqabilində ABŞ Pakistanın kəşfiyyat xidmətlərinə və liderlərinə maliyyə dəstəyini davam etdirməli imiş.

Şəklin mənbəyi, Getty Images
Hersh deyir ki, cənab Obama Bin Ladenin öldürüldüyünü elan etmək üçün bir həftə gözləməli olub.
Hershə görə sözü gedən sövdələşməyə uyğun olaraq ABŞ Bin Ladenin ölüm xəbərini bir həftə elan etməməli, bundan sonra isə onun pilotsuz təyyarə ilə Əfqanıstanda öldürüldüyünü bildirməliydi. Lakin əməliyyat vaxtı bir ABŞ helikopteri qəzaya uğrayandan və Ağ Ev bu sirrin sirr olaraq qala bilməyəcəyindən narahat olandan sonra cənab Obama pakistanlılara verdiyi vədə xilaf çıxıb.
Əvəzində cənab Obama həmin gecə xalqa müraciət edərək bildirib ki, ABŞ-ın hərbi hava qüvvələri, aylarla davam edən kəşfiyyat fəaliyyətinin ardınca, pakistanlıların xəbəri olmadan cəsarətli basqın əməliyyatı keçiriblər, əməliyyat zamanı atışma baş verib və Bin Laden, habelə başqa silahlılar məhv edilib.
Sonrakı günlərdə isə başqa detallar üzə çıxmağa başlayıb. Bu təfərrüatlar bəzən ziddiyyətli idi və sonradan onlardan imtina olunurdu, Ağ Evdən sızan təfərrüatlar ABŞ xüsusi qüvvələrinin komandanlarını və müdafiə rəsmilərini əsəbiləşdirirdi.
"Ağ Evin hekayətini sanki “Alice möcüzələr diyarında” nağılının müəllifi Lewis Carroll yazıb – qeyd edir Hersh “London Review of Books” məcmuəsinin son sayındakı məqaləsində.
Onun məqaləsi Obama administrasiyasının xarici siyasət əməliyyatının pislənməsi ilə başa çatır.
O yazır ki, ABŞ siyasətinin əsasını məxfi həbsxanalar, dron hücumları, Xüsusi Qüvvələrin gecə reydləri, komandanlıq zəncirindən və “yox” deyə biləcək insanlardan yan keçən əməliyyatlar təşkil etməkdə davam edir.
İddiaların tənqidi
Hershin məqaləsi sosial mediadakı siyasi söhbətlərdə sürətlə baş mövzuya çevrilib və hətta “London Review of Books” internet saytı informasiyanın ağırlığından dəfələrlə sıradan çıxıb.
Bununla yanaşı, Hershin həmkarları da onun məqaləsindəki bir sıra məqamları sual altında qoyublar. Bunlardan ən gözə görünənləri “Vox” jurnalından Max Fischer və CNN-dən Peter Bergendir. Tənqidlər bir neçə kateqoriyaya bölünür:
• Etibarsız mənbələr. Hershin yazdıqlarının çoxu ABŞ və Pakistanda adları çəkilməyən kəşfiyyat rəsmilərinə istinad edir və bu rəsmilərdən heç biri sözü gedən əməliyyatla birbaşa əlaqəli olmayıb. Adı çəkilən yeganə mənbə, Əsəd Dürrani Pakistan hərbi kəşfiyyatında iyirmi il bundan əvvəl çalışıb və yalnız bunu deyir ki, keçmiş həmkarları Hershin iddialarını təsdiq edirlər. CNN-dən Bergen sonradan Dürrani ilə əlaqə saxlayıb və o deyib ki, Hershin yazdıqları “ağlabatandır”.
• Ziddiyyətli iddialar. Hersh nəzərə almır ki, Bin Ladenin düşərgəsinə hücumda birbaşa iştirak etmiş iki ABŞ xüsusi təyinatlısı onun yazdıqlarına birbaşa ziddiyyət təşkil edən məlumatlarla çıxış ediblər. Şəhərciyə hücumdan dərhal sonra baş çəkmiş Bergen yazır ki, burada uzunmüddətli döyüşün olduğunu göstərən səhnələrlə - ətrafa səpələnmiş şüşə qırıntıları və güllə deşikləri ilə dolu olan divarlarla üzləşib”.
• Qeyri-realist nəticələr. Səudiyyə Səud monarxiyasını devirmək istəyən bir nəfəri niyə dəstəkləməli idi? Əgər ABŞ-ın Pakistanı dəstəkləyəcəyi sövdələşmənin bir hissəsi idisə, niyə sonrakı illərdə ABŞ-Pakistan münasibətləri pisləşib. Əgər ABŞ və Pakistan əməliyyatda əməkdaşlıq ediblərsə, Bin Ladenin öldürülməsini göstərən reydin səhnələşdirilməsinə nə ehtiyac vardı?
Daha sadə izah...

Şəklin mənbəyi, BBC World Service
Bütün konspirasiya nəzəriyyələri kimi Hershin də məqaləsi bəşəri məxfiliyini saxlamaqla səmərəli fəaliyyət göstərən şəxslərə istinad etdiyinə görə tənqid olunur. “Vox” jurnalından Fischer 1970-ci ildə ABŞ əsgərlərinin vyetnamlılara qarşı törətdikləri Sonqmi qətliamını faş etdiyinə görə Pulitzer mükafatı almış Hershi zəif sübutlara söykənən və çətin inanılan iddialar irəli sürməkdə ittiham edir.
Məsələn son üç ildə o, George W. Bush administrasiyasının Nevada ştatında İran silahlılarının təlimləndirilməsi və Suriyadakı kimyəvi silah hücumunun arxasında Türkiyənin durmasına dair iddialar irəli sürən məqalələr yazıb.
"Ola bilsin ki, dünya üzərində doğrudan da hökumət fitnə-fəsadçılarının beynəlxalq şəbəkəsi tərəfindən icra olunan mürəkkəb və iblisanə qəsdlərin nəhəng kölgəsi var, - yazır Fischer, - və ola bilsin ki, Hershin bir ovuc keçmiş vəzifəli rəsmiləri bü dünyanı və onun qorxulu sirlərini işıqlandıran yeganə şəxslərdir. Bu da ola bilər ki, hər şeyin daha sadə izahı var”.
Bu arada ABŞ-da Bushun administrasiya dövründə Amerikanın bəzi hərəkətləri barəsdində Hershin ittihamlarından qıcıqlanan bir sıra mühafizəkar icmalçılar bu dəfə ittihamları alqışlayıblar.
"Seymour Hersh Obamaya qarşı çıxanda birdən birə dövlət xadimindən boşboğaza çevrilir – yazır öz tvitində Breitbart saytından John Nolte, - Hərçənd Bushun vaxtında onu media Allahı hesab edirdilər”.
Bazar ertəsi televizyaya verdiyi müsahibədə Hersh deyib ki, ABŞ-ın bu əməliyyat barədə dediyi inanılmazdır.
“24 və ya 25 oğlan Pakistanın ortasına gedirlər, nə havadan müdafiəsi, nə mühafizəsi, nə qoruması olan birisinin işini bitirirlər. Siz buna inanırsınız? – deyib Hersh, - Mən başa düşürəm ki, axının əksinə üzürəm. Amma mən bu işlə bütün həyatım boyu məşğul olmuşam və nəticəsini də bilirəm”.




