ABŞ: Bin Ladeni kim güllələyib sualı "suitləri" arasında mübahisə yaradıb

O' Neil

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Robert O'Neil deyir ki, bin Ladeni məhz o, öldürüb.

ABŞ-da Əl-Qaidə lideri Üsamə bin Ladenin kim tərəfindən güllələnməsi məsələsi üstündə, əməliyyatda iştirak etmiş xüsusi təyinatlı "suitləri" arasında mübahisə qızışıb.

ABŞ xüsusi təyinatlı “Suitləri” bölməsi Əl-Qaidə liderinə qarşı həmin əməliyyatı 2011-ci ildə Pakistanın Abbotabad şəhərində keçirib.

İstefaya çıxmış 38 yaşlı xüsusi təyinatlı Robert O'Neil Washington Post qəzetinə müsahibəsində Əl-Qaidə liderini məhz öz əlilə öldürdüyünü deyib.

2012-ci ildə istefaya çıxmış Robert O'Neil əməliyyatda iştirakı barədə anonim qalmaq şərtilə bundan əvvəl hadisəni Esquire jurnalına danışıb.

Lakin sonradan o, televiziya müsahibəsində kimliyini açıqlamaq qərarına gəlib. Həmin müsahibə efirə bu ay çıxmalıdır.

O'Neil-in versiyasına görə, o və adı açıqlanmayan daha bir əsgər Bin Ladenin Abbotabaddakı villasının 4-cü mərtəbəsinə qalxaraq otaqlardan birinin həndəvərində Əl-Qaidə liderini görüblər.

Birinci adı açıqlanmayan əsgər atəş açır, lakin onun gülləsi yan keçir.

O'Neilin təbirincə, bundan sonra o özü otağa daxil olaraq Bin Ladeni başından güllələyir.

O'Neilin hekayəsinin bu hissəsi digər bir keçmiş “suiti” Matt Bissonetin 2012-ci ildə yazdığı kitabda təsvir etdiyi hadisələrlə uyğun gəlmir.

Bissonet öz "No Easy Day" kitabında Bin Ladenin "suitləri" dəstəsinin ön sırasında gedən əsgər tərəfindən güllələndiyini bildirmişdi.

Cümə axşamı günü NBC telekanalına müsahibə verən Bissonet deyib ki, “hər adam hadisələri özü gördüyü kimi danışır”.

Beləliklə, Bissonet iki versiya arasında ziddiyyətləri şərh etməkdən yayınıb.

Bu arada, adı çəkilən kitabda məxfi əməliyyatın təffərüatları barədə məlumat açıqladığına görə Pentaqonun təşəbbüsülə Bissonetə qarşı başlamış istintaq davam edir.

Ekspertlərə görə, Bin Ladenə qarşı “suitlərin” keçirdiyi əməliyyatın rəsmi versiyası hələ xeyli müddət məxfi qalacaq.

Pentaqon O'Neilin hekayətini nə təsdiq, nə də təkzib edib. Eyni zamanda Pentaqon tərəfindən əməliyyatda iştirak etmiş bütün “suitlərinə” məxfiliyin qorunmasının vacibliyini və əməliyyat barədə məlumatın açıqlanmasının yolverilməzliyini xatırladan məktub göndərilib.

“Suitləri” Bin Ladeni öldürdükdən sonra onun cəsədini vertolyotdan dənizə atıblar.