Bin Ladenin ailəsi təyyarə qəzasında həlak olub

Şəklin mənbəyi, BBC World Service
Osama Bin Ladenin ailə üzvləri cümə günü İngiltərədə şəxsi təyyarələrinin qəzaya uğraması nəticəsində həlak olub, Britaniyadakı Səudiyyə Ərəbistanı səfirliyi bildirib.
Təyyarə Blackbushe Hava Limanı yaxınlığında yerə düşüb və nəticədə pilot və üç sərnişin həlak ölüb.
Səudiyyə Ərəbistanının Böyük Britaniyadakı səfiri Şahzadə Mohammed bin Nawaf Al Saud, Bin Ladenin ailəsinə baş sağlığı verib.
Səfir bildirib ki, britaniyalı istintaqçılarla əlaqə saxlayıb.
Səfirlik əlavə edib ki, cəsədlərin Səudiyyə Ərəbistanında dəfni üçün Britaniya rəsmiləri ilə çalışırlar.
Qəzaya uğramış təyyarənin keçmiş Əl-Qaidə liderinin Səudiyyə Ərəbistanında yaşayan ailəsinə aid aviasiya şirkətinə məxsus olduğu bildirilir.

Şəklin mənbəyi, BBC World Service
İtaliyanın Milan şəhərindən gələn təyyarə Britaniyada avtomobil hərracı ərazisinə çırpılaraq partlayıb.
Şahidlərin bildirdiyinə görə, ərazidə “böyül alov” və “bir neçə partlayış” müşahidə edilib.
Pilot və hər üç sərnişinin həlak olmasına baxmayaraq, ərazidə heç kim xəsarət almayıb, Hampshire ərazisinin polisi bildirib.
Hava Qəzası Təhqiqat Şöbəsi (AAİB) sözçüsü bildirib ki, hadisə yerinə qrup göndərilib.
Keçmiş hava qəzaları təhqiqatçısı Phil Giles deyib: “Belə görünür təyyarə ya çox gec yerə enib, ya da pilot görəndə ki, yerə enə bilməyəcək, yenidən qalxmağa çalışıb. Ya da ola bilsin əyləcdə problem olub”.
Bin Laden ailəsi
- Osama Bin Ladenin atası Mohammed əslən Yəməndəndir və 1910-cu ildə Səudiyyə Ərəbistana köçüb
- O, sonradan Səudiyyə Ərəbistanında bir sıra nəhəng tikinti layihələrini həyata keçirən inşaat imperiyasının rəhbəri olub
- Mohammed Bin Ladenin bir neçə arvadı olub və ən azı 50 övladının olduğu güman edilir
- Onun böyük oğlu Salem Bin Laden 1988-ci ildə Texasda təyyarə qəzasında həlak olub
- Bin Ladenin ailəsi – bir çoxu ABŞ-da yaşayır – 11 sentyabrda baş vermiş hücumun ardından ondan imtina ediblər




