#BBCAzeriTrending: "Özbəksayağı selfie"

Şəklin mənbəyi, BBC World Service

Müasir qurğunu götürüb qədim əkinçilik alətinə birləşdirəndə nə alınır? Özbəkistan üçün - istehzalı siyasi kommentari.

Bu ölkədə kənd təsərrüfatının qədim ənənəsi var və adi kətmən milli simvoldur. Bu yaxınlarda isə özbəklər üçün kətmən - və ya "ketmon" - ölkənin iqtisadi problemlərinin də simvoluna çevrilib.

Pambıq Özbəkistanın ən çox ixrac etdiyi mallardan biridir, amma ölkə qaz və digər təbii ehtiyatların satışından da çox asılıdır. Son zamanlar qazın qiymətində müşahidə olunan enişə görə Özbəkistanın da iqtisadiyyatı problemlərlə üzləşib.

Bütün bunlara görə özbək valyutasının dəyəri qara bazarda enib və beləliklə idxal mallarının qiyməti artıb. Nəticədə bəzi təşəbbüskar və yaradıcı özbəklər smartfonlarını kətmənlərə bağlayaraq yumorla mesaj göndəriblər: gül kimi özbək alternativi olduğu yerdə xaricdən idxal olunan selfie çubuğu nəyə lazım?

İnternetdə minlərlə adam öz versiyasının fotosunu paylaşıb. Bəziləri telefonu, hazırda kağız pulları saxlamaq üçün istifadə olunan rezin vasitəsilə yerində saxlamaq təklifi edib.

Bu, ilk dəfə deyil ki, kətmən sosial mediada yeni məqsəd üçün istifadə olunub. Bu yaxınlarda keçirilən prezident seçkiləri ərəfəsində kətmən fotoları WhatsApp və Odnoklassniki kimi şəbəkələrdə peyda olmuşdu.

Əksəriyyət indiyədək ölkəyə rəhbərlik edən yeganə prezident İslam Kərimova qarşı kampaniya aparan Hotamcon Ketmonovu lağa qoyub. Ketmonovun adı "ketmon" sözünə çox yaxındır, həmin söz isə kəndçilərə söz atmaq üçün də istifadə olunur.