Miqrant böhranı: Liviya insan qaçaqmalçıları kimdir?

Şəklin mənbəyi, EPA

Avropa ölkələri rekord sayda miqrantın Aralıq dənizini keçərkən suda batmasının qarşısını almağa çalışır. Amma görəsən miqrantları belə ölümcül təhlükəli dəniz səfərlərinə çıxaranlar kimlərdir?

İnsan qaçaqmalçıları Avropa rəsmilərinin başlıca hədəfidirlər. Lakin bu adamlar sərhədləri tanımayan mürəkkəb kriminal şəbəkələrdən istifadə edirlər və ekspertlər onları “transmilli korporasiyalar”a bənzədirlər.

Liviya sərhəd keşiyinin rəsmiləri inanırlar ki, qaçaqmalçılar İtaliya mütəşəkkil cinayətkarlığı ilə getdikcə daha əlbir işləyirlər.

“İnsan Qaçaqmalçının Etirafları” (Confessions of a People Smuggler) adlı kitabın müəlliflərindən biri Giampaolo Muscemi insanların nəqli ilə məşğul olan şəxslərlə bütün dünyanı gəzib dolaşıb.

O Liviyada 15 il ərzində İtaliyaya üzən gəmiləri ilə nəhəng şəbəkə yaratmış bir misirli ilə tanış olub.

Cənab Muscemi BBC-ə onun ürək sözlərini çatdırıb: “Mən istəmirəm ki, müştərilərim tələf olsunlar, çünki mənim işim mənim reputasiyama bağldır. Karyeramın başlanğıcında mən müştəri axtarırdım, indi isə təhlükəsizlik reputasiyama görə müştərilər məni axtarırlar”.

Şəklin mənbəyi, Reuters

Bu biznes indi gəlhagəldədir. Bu il artıq 35 min mühacir Avropaya gəlib. Cənab Musceminin təxminlərinə görə Aralıq qaçaqmalçılığının illik gəliri 300-600 milyon avro arasındadır.

“Liviyada o qədər müştəri var ki…Onların yeganə çıxış yolu həyatlarını qaçaqmalçılara etibar etməkdir, - deyir Mescemi, - Odur ki, qaçaqmalçılar işin keyfiyyətinə daha diqqətsiz ola bilərlər. Onların öz reputasiyalarının üstündə əsmələrinə ehtiyac yoxdur. Əsas tələbat bazarıdır. O varsa, nə istəsən edə bilərsən”.

“Əgər gəmiyə minməsən öldürərlər”

Şəklin mənbəyi, BBC World Service

1980-ci illərdən Liviya bütün Afrikadan iqtisadi miqrantları cəlb edib. Lakin indi miqrantların öz rolu dəyişib.

Avropanın sərhəd xidməti agentliyi - Frontex bildirir ki, bir vaxtlar Liviyada miqrant olanların özləri, indi dəllallıq edir, Liviya cinayətkar dəstələri ilə gələcək miqrantlar arasında əlaqə yaradırlar.

Ölkəyə gəlib çıxan kimi miqrantların pullarını və pasportlarını əllərindən alırlar. Onlar tamamilə qaçaqmalçıların ixtiyarına keçirlər. Qambiyadan olan Əlini sınıq qayığa minməyə məcbur ediblər.

"Liviyalı bizə yalan deyib, - Əli BBC-ə deyir, - O demişdi ki, böyük kateri var. Biz ona adambaşına 1000 dinar (728 dollar) ödəmişdik. Biz katerə yaxınlaşanda, o bizim başımıza tapança dayayıb gəmiyə minməyimizi əmr etdi. Əgər tabe olmasaq, öldürərdi”.

Liviya hakimiyyət orqanları qaçaqmalçıları nadir hallarda dayandırırlar. Tripolinin sərhəd keşikçiləri isə etiraf edirlər ki, bu sayda gəminin qarşısını almaqda acizdirlər. Onlar işə yalnız gəmi qəzaya uğrayanda müdaxilə edirlər.

Liviyanın əksər yerləri hökumət nəzarətindən kənardadır. Yerli silahlı dəstələrin isə qaçaqmalçılarla əlbir olduqları düşünülür.

İtaliyanın “La Repubblica” qəzeti Tripolidəki qaçaqmalçıların öz aralarındakı söhbətlərin mətnlərini dərc edib. Bu telefon danışıqlarını polis gizli şəkildə yazıb.

Polisin gizli yazdığı söhbətdə eritreyalı Mered Medhanie başqa bir insan qaçaqmalçısına lövğalanır ki, İtaliyaya gedən gəmilərlə indiyədək 8 min miqrant göndərib.

Şəklin mənbəyi, AFP

"Mən həmişə gəmiyə çox adam buraxıram, amma dənizə çıxmaq üçün tələsdirən onlardır” – deyir qaçaqmalçı.

Varlanma

Şəklin mənbəyi, BBC World Service

Cənab Mescumi deyir ki, insan qaçaqmalçıları barədə ən geniş yayılmış yanlış təsəvvür bundan ibarətdir ki, guya onlar gəmiçi və ya balıqçıdırlar.

"Onlar bizmnesmendirlər, - deyir yazıçı, - Onlar ağıllıdırlar. Təsəvvürünüzə heç vaxt yatmayan və 24 saat ərzində yalnız Avropanın sərhəd xəttini necə keçmək barədə düşünən qaçaqmalçı canlandırın. Onlar qəzet oxuyur, Avropa hüququnu öyrənir, Frontex-in – Avropa sərhəd xidmətinin nə etdiyi ilə maraqlanırlar. Bəlkə elə sizin bu yazınızı da oxuyacaqlar”.

O inanır ki, miqrantların mühacirətə can atımı qaçaqmalçıların qazanmaq həvəsi ilə birlikdə sağalmaz problem yaradır.

İtaliya həbsxanasında gördüyümüz bir insan qaçaqmalçısı bizə belə də dedi: “Siz bizim qarşımızı heç vaxt ala bilməyəcəksiniz. Miqrantları dayandırmaq mümkün deyil”.

"Hökumət yolları bağlayanda, biznes bundan yalnız qabağa düşür. Çünki yol uzanır və daha təhlükəli olur. Bunun qarşısını almaq mümkün deyil, bunu yalnız nizamlamaq olar” – deyir qaçaqmalçı.