Putin Kadırovu "Şərəf" ordeni ilə təltif edib

Şəklin mənbəyi, RIA Novosti
Çeçenistan lideri Ramzan Kadırov Boris Nemtsovun qətlində şübhəli bilinən Zaur Dadayev barədə sosial şəbəkədəki şərhinə görə bloqosferada tənqid olunarkən Rusiya prezidenti tərəfindən “Şərəf” ordenilə təltif edilib.
Martın 8-də hökumətin hüquqi məlumat portalında dərc edilmiş sənədə əsasən Çeçenistan prezidenti "müvəffəqiyyətli iş, ictimai fəaliyyət və illər ərzində vicdanlı əmək fəaliyyəti"nə görə Şərəf ordenilə təltif olunur.
Ramzan Kadırov bir neçə medal və ordenlərlə yanaşı "Rusiya Federasiyasi Qəhrəmanı" adına layiq görülüb.
Təltif edilənlər siyahısında millət vəkili Vladimir Luqovoyun adı da var. O Britaniyada Rusiya xüsusi xidmətlərinin sabiq əməkdaşı Aleksandr Litvinenkonun qətlilə bağlı iş üzrə şübhəli sayılır. Luqovoy "Vətənə xidmət" ordenilə təltif edilib.
Bazar günü Ramzan Kadırov İnstaqram saytında Zaur Dadayevi "Rusiyanın əsl vətənpərvəri" adlandırıb.
Moskvanın Basmannı rayon məhkəməsinin hakimi Natalya Muşnikova Zaur Dadayevin artıq "etiraf ifadəsi" verdiyini bildirib. Ancaq prosesi izləyən "Meduza" saytının müxbiri müttəhimin prosesdə susduğunu deyib.
Vaxtilə Kadırovun yaratdığı "Şimal" batalyonunda xidmət edən Zaur Dadayev 2010-cu ildə "Şücaət" ordenilə təltif olunmuşdu.
Tənqid
"Mən Zauru Rusiyanın əsl vətənpərvəri kimi tanımışam, - Dadayevin saxlanılmasından dərhal sonra Çeçenistan lideri İnstaqramda yazıb. - O leytenant rütbəsində batalyonun komandir müavini vəzifəsini tutub. Zaur alayın ən cəsur və qorxmaz hərbçilərindən olub... Mən onun Rusiyaya səmimi qəlbdən sadiq olduğuna əminəm. O, vətən uğrunda canından keçməyə hazır idi".
Kadırov bidlirib ki, Zaur Dadayev bütün müsəlmanlar kimi Charlie Hebdo jurnalında Məhəmməd peyğəmbərin karikaturalarından şok hissi keçirib.
Boris Nemtsovun silahdaşı "RPR-PARNAS" partiyasının liderlərindən olan İlya Yaşin BBC-ə müsabisində islamçı-ekstremizmlə bağlı versiyaya inanmadığını deyib.
"Mən qətlin təşkilatçılarının Rusiyada olduqlarını və hökümətdə oturduqlarını düşünürəm".
Kadırovun bir çox tənqidçisinə əsasən, Dadayev barədə Çeçenistan liderinin tərifləri bəraət kimi səslənir.
"Razılaşın ki, arxadan silahsız Rusiya sakinini güllələyərkən təpədən dırnağadək silahlanmış terrorçunun Rusiyaya səmimi şəkildə sadiq qalması və cəsur döyüşçü kimi təsvirilə bağlı mülahizə - olduqça ciddi bəyanatdır", - ictimai fəal Anton Nosik öz bloqunda yazaraq bildirib.
Nemtsov və Charlie Hebdo həmləsi

Şəklin mənbəyi, k
Boris Nemtsovun qətli günü Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi siyasətçinin öldürülməsinin mümkün motivləri arasında islamçı-ekstremist izini qeyd edib. Nemtsov Charlie Hebdo jurnala hücumla bağlı tutduğu mövqeyinə görə "hədələr alıb", Vladimir Markin bildirmişdir.
Boris Nemtsov Parisdəki həmləni öz bloqunda "İslam inkvizisiyası" başlıqlı bloqunda şərh etmişdir. Həmin yazıda siyasətçi terrora bəraətin olmadığını və qətlin "o cümlədən Qurana əsasən də ağır günah" sayıldığını deyir.
Nemtsova əsasən "İslam gənc din kimi orta əsrlərdədir və İslam inkvizisiyasının yenilməsi üçün uzun mübarizədən" keçməlidir.
Bundan öncə Ramzan Kadırov Charlie Hebdo jurnalının "1,5 мilyard müsəlmanın dini hisslərini təhqir etmək haqqını dəstəkləyənləri" özünün şəxsi düşməni elan edib.
Yanvarın 19-da Qroznıda Məhəmməq peyğəmbərin karrikaturalarının çap edilməsi əleyhinə izdihamlı mitinq keçib.
Nümayişdə çıxış edən Ramzan Kadırov deyib ki, Rusiya müsəlmanları sabitliyi pozmağa yol verməyəcəklər və "vətən xainlərinə layiqli cavab verməyə" hazırdılar.





