ABŞ silahının İD əlinə keçməsi barədə video "araşdırılır"
İslam Dövləti yaydığı videoda iddia edir ki, kürd döyüşçülərinə ünvanlanması nəzərdə tutulan ABŞ silahlarının bir hissəsini ələ keçirib. Pentaqon məsələnin araşdırıldığını bildirib.
Bazar ertəsi ABŞ təyyarələrindən Kobani şəhərini müdafiə edən kürd döyüşçülərinə silah, sursat və başqa hərbi avadanlıqdan ibarət bağlamalar atılıb.
Pentaqon silahların əksəriyyətinin kürdlərə çatdırıldığını bildirib. Lakin bir qədər sonra ABŞ komandanlığı cihadçıların nəzarətində olan əraziyə düşən bir bağlamanın məhv edildiyini qeyd edib.

Şəklin mənbəyi, AFP
ABŞ hərbiyyəsi Kobani şəhərinin böyük hissəsinə kürdlərin nəzarət etdiyini bildirir. Hərçənd ki, İD qruplaşmasından irəli gələn təhlükə sovuşmayıb.

Şəklin mənbəyi, EPA
Ötən həftə kürd dəstələri İD döyüşçülərini şəhərin kənar rayonlarındakı mövqelərə çıxarmağa nail olublar. Bundan sonra iki gün ərzində davam edən nisbi sakitlik bazar ertəsi cihadçıların yenidən hücuma keçməsi ilə sona çatıb.
Pentaqon bildirir ki, koalisiya zərbələri və kürd döyüşçülərinin səyləri nəticəsində İD irəliləməsinin qarşısı alınıb.
İnsan haqları üzrə Suriya fəallarının “Syrian Observatory for Human Rights” qrupu çərşənbə axşamı Kobanidəki döyüşlərdə 30 cihadçının və 11 kürdün öldürüldüyünü bildirir.

Şəklin mənbəyi, BBC World Service
Britaniyada mənzillənən qrup şəhərə əlavə İD döyüşçülərinin gətirildiyini bildirib.
Bazar ertəsi Türkiyənin xarici işlər naziri Mevlut Cavuşoğlu İraqın kürd döyüşçülərinə Suriya sərhədini keçib İslam Dövləti (İD) qruplaşmasına qarşı vuruşmağa icazə verəcəyini bildirib.

Şəklin mənbəyi, BBC World Service
Bunun ardınca şəhərdə döyüşlər yenidən qızışıb.
Dinc əhalinin çoxu artıq həftələrdir ki, döyüş şəraitində yaşayan Kobanini tərk edib.





