Kobani: toqquşmalar yenidən şiddətlənib

Kobanidə güclü partalyışlar müşahidə olunub.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Kobanidə güclü partalyışlar müşahidə olunub.

Türkiyə sərhədi yaxınlığındakı Kobani şəhərində iki günlük nisbi sakitlikdən sonra şəhərin kürd müdafiəçilərilə İD qruplaşması arasında qarşıdurma yenidən kəskinləşib.

Bazar ertəsi İD cihadçıları "bütün cəbhələrdə" kürd döyüşçülərinə qarşı hücuma keçib, fəallar bildirirlər.

Koalisiya qüvvələrinin təyyarələri bazar günü və bazar ertəsi şəhər ətrafındakı hədəflərə 6 dəfə zərbə endiriblər.

Bazar ertəsi Türkiyənin xarici işlər naziri Mevlut Cavuşoğlu İraqın kürd döyüşçülərinə Suriya sərhədini keçib İslam Dövləti (İD) qruplaşmasına qarşı vuruşmağa icazə verəcəyini bildirib.

İndiyə qədər kürd üsyanı ilə üzləşən Türkiyə kürd döyüşçülərinə Suriyaya keçməyə icazə verməkdən imtina edib.

Şəklin mənbəyi, BBC World Service

Lakin müxbirlərə əsasən Ankara iraqdakı kürdlərə dair daha mülayim mövqedə durur.

Kobaninin şimali hissəsində döyüşlər bazar ertəsi axşam saatlarında şiddətlənib.

Şəhərdə güclü partlayışlardan sonra intensiv atəş başlayıb.

Bunun ardınca koalisiya qüvvələrinin təyyarələri əraziyə zərbələr endiriblər.

Son iki gün ərzində ara-sıra atəş səslənsə də Kobanidə nisbi sakitlik hökm sürüb və bir çoxları cihadçıların şəhər kənarındakı mövqelərə çıxarıldığını güman ediblər.

Kobani şəhəri artıq bir neçə həftədir ki, İD qrupunun həmlələrinə məruz qalır.