Türkiyə: İraq kürdləri Kobani mübarizəsinə qoşula biləcək

Mevlut Cavuşoğlu

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Mevlut Cavuşoğlu deyib ki, məsələ ilə bağlı danışıqlar davam etməkdədir

Türkiyə İraqın kürd döyüşçülərinə Suriya sərhədini keçib İslam Dövləti (İD) qruplaşmasına qarşı vuruşmağa icazə verəcək, Türkiyə xarici işlər naziri deyir.

Mevlut Cavuşoğlu əlavə edib ki, məsələ ilə bağlı danışıqlar davam etməkdədir, amma bu barədə əlavə məlumat verməyib.

Mühasirə edən İD ilə suriyalı kürd müdafiəçilər arasındakı döyüşlərə görə Kobanini on minlərlə adam tərk edib.

İndiyə qədər Türkiyə kürd döyüşçülərinə Suriyaya keçməyə icazə verməkdən imtina etmişdi.

Şəklin mənbəyi, BBC World Service

Türkiyə öz ərazisindəki kürdlər arasında separatçılıq hisslərinin oyadılmasından narahatdır.

Cənab Cavuşoğlunun bəyanatından bir neçə saat öncə ABŞ ordusu bildirmişdi ki, Kobani ətrafındakı kürd döyüşçülərinə göydən silah, sursat və tibbi ləvazimatlar atıb.

İraqdakı kürd hakimiyyətinin verdiyi ehtiyatlar "İŞİD-in Kobanini ələ keçirmək cəhdlərinə qarşı müqavimət göstərməyə davam etməyi mümkün etmək üçün" göndərilib, Mərkəzi Komandanlıq deyib.

Rəsmi məlumata görə, 27 bağlama üç C-130 nəqliyyat təyyarəsivasitəsilə atılıb.

ABŞ təyyarələri

Şəklin mənbəyi, US DOD

Şəklin alt yazısı, ABŞ ordusu deyib ki, ehtiyatlar İD-ə qarşı "müqaviməti davam etdirməyi mümkün etmək üçün" göndərilib (Foto arxivdəndir)

Amerikanın hava zərbələri İD-ni Türkiyə ilə sərhəddəki şəhərin əksər hissələrindən çıxarıb.

Müxbirlər deyirlər ki, təyyarədən atmalar ABŞ-ın mühüm müttəfiqi olan Türkiyəni qəzəbləndirəcək.

Əməliyyatda iştirak edən bütün təyyarələr geri qayıdıb, o əlavə edib.

Mərkəzi Komandanlıq deyir ki, ABŞ qüvvələri Kobanidə İD-ə qarşı 135-dən çox hava zərbəsi endirib. Havadan hücumlar oktyabrın əvvəlində başlayıb.