Türkiyədə kişilər saqqalını niyə qırxır?

Türkiyə bərbərxanası

Şəklin mənbəyi, Getty

Türkiyənin cənub-şərqindəki Diyarbakir şəhərində bərbərlərin alveri yaxşı gedirmiş. Məlumata görə, bir çox kişi "cihadçı" ləqəbini almamaq üçün saqqalını qırxmağa başlayıb.

Diyarbakirin saqqallı kişiləri xüsusilə şəhərin böyük kürd icması ilə İslamçılar arasındakı toqquşmalardan sonra xarici görünüşləri barədə narahat olub.

Kürdlər hökumətin Suriyadakı cihadçılara qarşı "fəaliyyətsizliyinə" görə qəzəblənərək küçələrdə etiraz edib.

Bu etirazlar zorakılıqla nəticələndi. Qəzəbli kütlələr qalınsaqqallı kişiləri hədəfə alıb sırf saqqallarına görə onları cihadçı olmaqda ittiham edib, Türkiyənin Milliyet qəzeti məlumat verir.

Zorakılığa görə "yüzlərlə" kişi bərbərxanaya gedərək saqqalını qırxdırıb, qəzet əlavə edir.

Məlumata görə, bərbərlər gündə 15-dək müştərinin saqqalının tam qırxılmasını istədiyini deyiblər.

"İslam Dövləti və ya Hezbollah ilə heç bir əlaqəsi olmayan adamlar saqqallarına görə etirazlarda hədəfə çevrilmişdilər", bir bərbər deyib. "İndi adamlar saqqallarını qırxdırmaq və ya yeni bir formada saxlamaq üçün bizə gəlirlər".

Diyarbakirdə daha bir bərbər deyib ki, bundan əvvəl orta hesabla gündə üç və ya dörd saqqal qırxırdı. "15 ildir bu sənətlə məşğulam və ömrümdə bu qədər saqqal qırxmamışam", o deyib.

Türkiyədəki kürdlər istəyirlər ki, rəsmi Ankara Suriya sərhədindəki Kobani şəhərində İslam Dövləti qruplaşmasına qarşı mübarizə aparan kürd döyüşçülərinə dəstək göstərsin.

Xəbəri BBC Monitoring hazırlayıb.