İD suriyalı kürdləri "mühasirəyə almağa cəhd göstərir"

Şəklin mənbəyi, AP
İslam Dövləti cihadçıları Kobani şəhərini müdafiə edən kürd döyüşçülərini mühasirəyə almaq məqsədilə yeni həmlələr həyata keçirirlər.
Cihadçılar şəhərin qərb hissəsinə hücuma keçiblər ki, bu da Türkiyə ilə sərhəd keçid məntəqəsinə təhlükə yarada bilər.
Keçid məntəqəsi mühüm təchizat və təmas xəttidir, müxbirlər xəbər verir.
Turkiyə-Suriya sərhədində olan BBC müxbiri Quentin Sommerville bildirir ki, kürdlər İD döyüşçülərinin ən son hücumlarının qarşısını ala biliblər, hərçənd ki, cihadçılar həmlələrini davam etdirməkdədirlər.
Suriya kürdlərinin rəsmisi BBC Ərəb Xidmətinə Kobaninin cənub-şərq, cənub-qərb və şərqdən həmlələrə məruz qaldığını bildirib.
Bundan əvvəl İD-nin Kobanidə əlavə bir neçə rayonu nəzarət altına aldığı bildirilmişdi.

Şəklin mənbəyi, Getty
ABŞ nümayəndəsi deyib ki, Kobaninin süqutunun qarşısını almaq çox güman ki, mümkün olmayacaq.
Xarici siyasət məsələləri üzrə Avropa İttifaqının ali nümayəndəsi Catherine Ashton Türkiyə, Aİ və başqa ölkələri İD ilə mübarizədə daha yaxın əməkdaşlığa səsləyib.
Şəhəri müdafiə edən kürd döyüşçülərinin yüksək rütbəli komandirlərindən biri Kobaninin 30 faizinin İD nəzarətində olduğunu deyib.
"Hava hücumları həyata keçirilir. Lakin onlar effektiv deyil. 26 gündür ki, müqavimət göstəririk. Biz BMT və beynəlxalq ictimaiyyətin dəstəyini görmək istəyirik", - İsmet Şeyx Həsən AP agnetliyinə bildirib.

Şəklin mənbəyi, Getty
Kobani uğrunda davam edən döyüşlərdə ən azı 400 adam öldürülüb.
160 mindən artıq suriyalı kürd şəhəri tərk edərək sərhədin Türkiyə tərəfinə keçib.
BMT-nin Suriya üzrə nümayəndəsi xəbərdarlıq edərək bildirib ki, Suriyanın sərhəd şəhəri Kobanidə əksəriyyəti qocalar olmaqla 700-dək sakin ilişib qalıb.
Kobaninin süqutu ilə Türkiyə -Suriya sərhədinin uzun bir hissəsi İslam Dövlətinin nəzarətinə keçəcək.
Türkiyə vəziyyətə müdaxilə etməyə çağırılsa da Suriyada tək başına addım atmayacağını bəyan edib.




