BMT: Suriya şəhəri Kobanidə 700 sakin ilişib qalıb

kobane

Şəklin mənbəyi, AFP

BMT-nin Suriya üzrə nümayəndəsi xəbərdarlıq edərək bildirib ki, Suriyanın sərhəd şəhəri Kobanidə əksəriyyəti qocalar olmaqla 700-dək sakin ilişib qalıb.

Staffan de Mistura həmçinin Türkiyəni şəhəri İslam Dövləti silahlılarından qorumaq istəyən könüllüləri sərhəddən buraxmağa çağırıb.

Oradan alınan məlumatlara görə, İD kürdlərin şəhərdəki qərargahını ələ keçirib, hərçənd Suriya kürdlərinin rəsmiləri bu xəbəri təkzib ediblər.

Son üç həftə ərzində Kobani İD ilə kürd qüvvələri arasında döyüş meydanına çevrilmişdi.

Döyüşlər əsasən kürdlərdən ibarət yüz minlərlə sakinin qonşu Türkiyəyə qaçmasına səbəb olub.

Türkiyə bu vaxtadək İD-ə qarşı qurudan müdaxiləni istisna edir.

Amerikanın rəhbərliyi altında koalisiyanın hava zərbələri ilə dəstəklənən kürd qüvvələri bildirirlər ki, şəhər üzərinə irəliləyən silahlıların hücumunu dayandırmaq üçün təcili olaraq silah və sursata ehtiyacları var.

Daha bir Srebrenitsa olmasın

Cənab de Mistura deyib ki, yeganə dar keçid istisna olunmaqla Kobani İD tərəfindən "əslində mühasirədədir".

AFP xəbər verir ki, şəhərin içərisində əksəriyyəti yaşlı sakinlər olmaqla mülki şəxslər ilişib qalıb və yaxınlıqda daha 10-13 min adam yığılıb.

BMT nümayəndəsi deyib ki, İD-in əlinə keçərsə, "dinc əhali çox güman qətliam ediləcək" və BMT daha bir Srebrenitsanın təkrarını istəmir. 1995-ci ildə Bosniya münaqişəsi zamanı Srebrenitsa şəhərində Bosniya serblərinin qüvvələri minlərlə kişini və oğlan uşağını qətlə yetirmişdilər.

"Biz Türkiyəni ən azı könüllülərin və onların silahlarının sərhəddən keçidinə icazə verməyə çağırırıq ki, onlar şəhərin özünümüdafiə əməliyyatına kömək edə bilsinlər". Bu bəyanatı cənab de Mistura cümə günü Cenevrədə jurnalistlər qarşısında səsləndirib.

O həmçinin Türkiyəni "öz ərazisindən bütün mümkün vasitələrlə" Kobani ətrafındakı İD mövqelərinə zərbələr endirən ABŞ koalisiyasına dəstək verməyə çağırıb.

Lakin Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Yasin Aktay cümə günü BBC-ə deyib ki, Kobaninin bütün əhalisi şəhəri tərk edə bilib və onlar artıq Türkiyə ərazisindədirlər.

"Kobanidə terrorçu PKK-nın haray saldığı kimi heç bir faciə baş vermir", deyib cənab Aktay. "Orada iki terrorçu qruplaşma arasında müharibə gedir".

Türkiyə bu münaqişəyə hərbi vasitələrlə müdaxiləyə ona görə qismən həvəssizdir ki, İD silahlılarına qarşı döyüşən kürd qüvvələrin niyyətlərindən narahatdır. Türkiyənin özü ölkənin kürd azlığı ilə uzun müddət vətəndaş müharibəsində olub.

Kobaninin içində olan Suriya kürd mənbəyi şəhərin "təhlükəsizlik hissəsinin" tamamilə İD-in nəzarətinə keçdiyi barədə xəbərləri təkzib edib. Kürdlərin mülki qərargahı məhz bu ərazidə yerləşir.

Mənbə BBC-yə bildirib ki, şəhərin cənubundakı iki inzibati bina kürd döyüşçülərin nəzarətində qalır. O deyib ki, ağır döyüşlər şəhərin "təhlükəsizlik hissəsinə çatıb, lakin şəhər hələlik təslim olmayıb".

Bir qədər əvvəl Birləşmiş Krallıqda mənzillənmiş Suriya İnsan Haqları Müşahidə Qrupu bildirmişdi ki, cihadçılar Kobanidə kürdlərin həbi qərargahını və mülki idarələrini zəbt ediblər.

"İD hazırda şəhərin 40 faizinə nəzarət edir" – deyə monitorinq qrupunun rəhbəri Rami Abdel Rahman AFP xəbər agentliyinə məlumat vermişdi.

ABŞ hərbiyyəsi cümə axşamı bəyan edib ki, Kobani yaxınlığındakı hədəflərə daha doqquz hava zərbəsi endirilib və İD-in mövqeləri, maşınları və binaları dağıdılıb.

Türkiyə hərbiyyəsi mümkün müdaxilə, Türkiyəni hədələyən silahlılara qarşı Suriya və İraqda hücuma keçmək üçün hərbi qüvvələrə icazə verib.

Lakin Türkiyə tanklarının sərhəd boyunca yerləşdirilməsinə baxmayaraq, Türkiyə qüvvələri indiyədək Suriya ərazisinə müdaxilə etməyib.

Kürdpərəst etirazçılar Türkiyənin Kobaninin xilası üçün tədbir görməsi üçün son günlər Ankara üzərinə təzyiqlərini artırıblar. Türkiyənin daxili işlər naziri Efkan Ala deyib ki, bu həftə Türkiyənin müxtəlif şəhərlərində polislə toqquşmalarda 30 nəfər həlak olub.