ABŞ və Türkiyə İD-ə qarşı ortaq addımları "müzakirə edəcəklər"

Şəklin mənbəyi, AFP
ABŞ prezidentinin nümayəndəsi general John Allenin Ankara səfərindən sonra ABŞ İD-ə qarşı Türkiyə ilə birgə mübarizə planı üzərində işləyəcəyini bildirib.
Amerikanın müdafiə naziri Türkiyədə keçəcək ikitərəfli danışıqlarda o cümlədən Suriyanın mötədil silahlı qruplarının təlim və təchizatı ilə bağlı məsələlərin müzakirə ediləcəyini qeyd edib.
Chuck Hagel deyib ki, ölkəsi Türkiyənin İncirlikdəki hərbi hava bazasına giriş almaqda maraqlıdır.
ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki gələn həftə məsələilə ilə bağlı ABŞ hərbi heyətinin Türkiyəyə yollanacağını deyib.
Türkiyədən Kobanini müdafiə edən kürdlərə daha çox yardım etmək tələb olunur.
Cümə axşamı Ankarada NATO rəhbəri Jens Stoltenberg-lə görüşən Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu deyib ki, ölkəsinin Suriyada tək başına addım atacağını gözləmək real deyil.
Hərçənd ki, o “ortaq qərara gəldikdən” Türkiyənin öhdəsinə düşən vəzifələrin yerinə yetiriləcəyini deyib.
Ötən həftə Türkiyə parlamenti ordusunu İraq və Suriyaya daxil olmağa, eynilə xarici əsgərlərə əməliyyatlarında onun ərazisindən istifadə etməyə izn verən qətnaməni dəstəkləyib.




