Kürdlər Kobani təpəsini "İD-dən geri alır"

Şəklin mənbəyi, AFP
İslam Dövlətinə qarşı vuruşan kürd döyüşçüləri Kobani şəhəri yaxınlığındakı strateji əhəmiyyətə malik yüksəkliyi yenidən nəzarət altına aldıqlarını bildiriblər.
10 gün ərzində İD cihadçılarının nəzarətində qalan Tall Shair təpəsi koalisiya qüvvələrinin hava zərbələrindən sonra ələ keçirilib.
Çərşənbə axşamı ABŞ prezidenti Barack Obama 20-dən çox ölkəni təmsil edən ordu nümayəndələrilə İslam Dövlətinə qarşı mübarizə strategiyasını müzakirə edəcək.
Vaşinqtonda keçəcək görüş ötən ay Amerika rəhbərliyilə hərbi koalisiyanın yaradılmasından bəri yüksək rütbəli hərbçiləri bir araya gətirən ən mühüm toplantıdır, müxbirlər deyirlər.

Şəklin mənbəyi, Reuters
Görüş ərəfəsində Türkiyə təyyarələrinin PKK mövqelərinə hava zərbələri endirdiyi xəbər verilib. Xəbər təsdiqləndiyi təqdirdə bu, 2013-cü ildə əldə olunmuş atəşkəs razılaşmasından sonra PKK separatçılarına qarşı Türkiyənin həyata keçirdiyi ilk hava hücumu olacaq.
Kobanidəki döyüşlər koalisiya qüvvələrinin hava kampaniyasinın effektivliyi ilə bağlı suallar yaradıb.
İki həftədir ki, həyata keçirilən hava zərbələri cihadçıların irəliləməsini ləngidib. Lakin Türkiyə və Qərb dövlətləri şəhərin süquta uğrayacağı ilə bağlı xəbərdarlıqla çıxış ediblər.
Çərşənbə axşamı kürdlərin müdafiə birləşmələri Kobanidən Türkiyə sərhədi istiqamətinə doğru 4 km aralıda yerləşən Tall Shair təpəsinə nəzarəti qaytardıqlarını bildiriblər.
Bazar ertəsi Kobaninin cənub və şərq hissəsində şiddətli döyüşlərin getdiyi xəbər verilib.

Şəklin mənbəyi, BBC World Service
Britaniyada mənzillənən İnsan haqları üzrə Syrian Observatory for Human Rights kampaniya qrupunun məlumatına görə, İslam Dövləti şəhərin təqribən yarısına nəzarət edir.
Kobaninin ələ keçirilməsilə İslam Dövləti Türkiyə Suriya sərhədinin uzun bir hissəsini nəzarət altına almış olacaq.
Kobanidən yüzlərlə kilometrlik məsafədə yerləşən İraqın Hit şəhərində İD ilə hökumət qüvvələri arasında döyüşlər davam edir.
Şəhərin daxilində və ətraf ərazilərdə gedən döyüşlərə görə onu 180 minə yaxın yerli sakin tərk edib, BMT bildirir.
Bu arada Amnesty International təşkilatı bildirir ki, İD-nin irəliləməsinə intiqam cavabı olaraq şiə silahlıları oğurladıqları sunni mülkiləri qətlə yetiriblər.
Beynəlxalq təşkilat Bağdad, Samarra və Kərkük şəhərlərində çoxsaylı cəsədlərin aşkar oldunduğunu qeyd edir. Məlumata görə, başından güllə ilə vurularaq öldürülənlərin çoxunun əlləri bağlıdır ki, bu da onların edamsayağı qətlərinə dəlalət edir.
Ötən ay vəzifə başına gələn İraqın yeni baş naziri Haider al-Abadi əvvəlki hökumətin səhvlərə yol verdiyini deyərək bütün iraqlılar üçün rəhbər olacağını vəd deib.




