İraq: ABŞ Kürdistana əlavə hərbi məsləhətçilər göndərib

İraq

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, İslam Dövləti döyüşçüləri on minlərlə adamı evlərini tərk etməyə məcbur edib

ABŞ şimali İraqda kürdlərin yaşadığı regionuna 130 əlavə hərbi məsləhətçi göndərib, müdafiə naziri Chuck Hagel deyir.

Məsləhətçilər ərazidəki humanitar vəziyyəti qiymətləndirəcək, lakin döyüşlərdə iştirak etməyəcək, ABŞ müdafiə rəsmisi deyib.

ABŞ İslam Dövləti (İŞİD) qrupunun döyüşçülərinə qarşı havadan hücumlar həyata keçirir.

İslam Dövləti döyüşçüləri on minlərlə adamı evlərini tərk etməyə məcbur edib.

Cənab Hagel-in Kaliforniyadakı Camp Pendleton hərbi bazasında bildirdiyinə görə, bu, "döyüş tipli əməliyyat deyil".

Göndərilən komandanın üzvləri şimaldakı İrbil şəhərinə çatıb və "bizim necə kömək etməyə davam edə biləcəyimiz barədə daha dərin qiymətləndirmə" verəcəklər, o deyib.

Yeni heyət hazırda İraqda olan 250 məsləhətçiyə əlavə olunur.

ABŞ müdafiə rəsmisi deyir ki, hökumət "Sinjarda davam edən döyüşlərin təsiri altında olan iraqlıları" dəstəkləmək və İslam Dövləti tərəfindən "potensial soyqırımın" qarşısını almaq üçün yollar axtarmağa davam edəcək.

Chuck Hagel

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Chuck Hagel deyib ki, məsləhətçilər döyüşlərdə iştirak etməyəcək

BMT deyib ki, on minlərlə mülki şəxs, o cümlədən yezidilər İslam Dövləti döyüşçülərinə görə Sinjar dağında ilişib qalıb və təcili yardıma ehtiyac duyurlar.

ABŞ, Britaniya və Fransa burada qalan yezidilərə humanitar yardım göndəriblər.