Obama: İraqda yeni baş nazirin namizədliyinin irəli sürülməsi “ümidvericidir”

İraq

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, İraq prezidenti yeni hökümətin formalaşdırılmasını Haider al-Abadiyə tapşırıb.

ABŞ prezidenti Barak Obama İraqda Haider al-Abadi-nin namizədliyinin ölkənin Baş Naziri vəzifəsinə irəli sürülməsini "irəliyə doğru atılmış ümidverici addım" adlandırıb.

Barak Obama İraqın indi "cətin dövr yaşadığını" qeyd edərək ölkənin siyasi liderlərini birgə işləməyə çağırıb.

Bundan əvvəl, bazar ertəsi günü İraq prezidenti ölkənin hazırkı Baş Naziri Nuri əl-Malikiyə məhəl qoymayaraq, baş nazir vəzifəsinə namizədliyini təqdim etmiş Haider al-Abadidən yeni hökümət formalaşdırmağı xahiş edıb.

Nuri əl-Maliki ölkə prezidenti tərəfindən Haider al-Abadi-nin namizədliyini Baş Nazir vəzifəsinə irəli sürməsini "konstitusiya pozuntusu" adlandırıb.

Bu arada isə ABŞ-da istirahət etdiyi iqamətgahından danışan prezident Obama İraqın şimalında islamçı silahlıların hücumunun qarşısını almaq məqsədilə ABŞ hərbi aviasiyasının həyata keçirdiyi hava zərbələrinin "müvəffəqiyyətli" olduğunu qeyd edib.

Bununla belə Obama vurğulayıb kı, İraqdakı böhranı ABŞ hərbiyyəsi vasitəsilə həll etmək mümkünsüzdür.

"Yalnız geniş koalisiya əsasında formalaşmış İraq höküməti islamçılara qarşı mübarizədə qüvvələri birləşdirməyə nail ola bilər", ABŞ prezidenti bildirib.