MH17 reysi: aşkar edilmiş cəsədlər vaqonlara yüklənib

Şəklin mənbəyi, AFP
Ukraynada xilasedicilər Malayziya Hava Yollarına məxsus MH17 Amsterdam - Kuala Lumpur reysilə uçan təyyarənin düşdüyü yerdə 196 cəsəd aşkar edildiyini bildiriblər.
Xəbərlərə görə, cəsədlər Ukraynada naməlum istiqamətdə aparılmaq üçün refrijerator vaqonlara yüklənib.
Qəzaya uğrayan təyyarədə pilot heyəti və sərnişinlərlə birgə ümumi olaraq 298 nəfər olub - onların hamısı qəza nəticəsində həlak olub.
Məlumatlara görə təyyarənin qəzaya uğramasının səbəbi Donetsk regionunda üsyançıların nəzarət etdiyi ərazidən buraxılan raketlə vurulması olub.
Qərb ölkələri təyyarəinin düşdüyü əraziyə girişin məhdudlaşdırılmasını tənqid edərək Rusiyadan Ukrayna üsyançılarına məhdudiyyətlərin aradan götürülməsi məqsədilə təzyiq göstərməyi xahiş ediblər.
Gözlənildiyinə görə, beynəlxalq müşahidəçilər təyyarənin düşdüyü əraziyə şənbə günü yenidən baş çəkmək niyyətindədirlər.
Ukrayna və rusiyapərəst üsyançılar isə biri birilərini Boeing 777 təyyarəsinin vurulub yerə salınmasında ittiham edirlər.
Bu arada Üsyançılar MH17 reysinin qara qutularını Beynəlxalq Mülki Aviasiya Təşkilatına (İCAO) təhvil verəcəklərini bildirirblər.




