Kiyev: üsyançılar “MH17 reysinə dair dəlilləri məhv edirlər”

Şəklin mənbəyi, AP
Kiyev üsyançıları Malayziya təyyarəsinin qəzaya uğraması səbəblərinin araşdırılmasını əngəlləməkdə ittiham edib.
"Hökumətin məlumatına əsasən terrorçular 38 cəsədi Donetsk şəhərinin morquna aparıblar. Orada sərt rus ləhcəsində danışan mütəxəssislər yarılmanı müstəqil keçirəcəyini bildiriblər", - Nazirlər Kabinetinin məlumatında bildirilir.
Ukrayna hakimiyyəti bildirir ki, separatçılar təyyarənin iri hissələrini Rusiyaya aparmaq üçün nəqliyyat vasitələrini axtarırlar.
Bu bəyanatdan öncə beynəlxalq müşahidəçilər qrupu Malayziya təyyarəsinin qəzaya uğradığı əraziyə üsyançılar tərəfindən “girişin məhdudlaşdırıldığını" deyiblər.
Göyərtəsində 298 adam olan Malayziya Hava Yollarının Boeing-777 təyyarəsi çərşənbə axşamı Rusiya sərhədinin yaxınlığındakı münaqişəli ərazidə qəzaya uğrayıb. Qəzadan sağ çıxan olmayıb.
Cümə günü ABŞ prezidenti Barack Obama MH17 reysilə Amsterdamdan Kuala Lampura uçuş həyata keçirən təyyarənin yer-göy tipli raketlə vurulduğunu bildirib.
Ukrayna hakimiyyəti və cənub-şərqdəki üsyançılar baş verən hadisədə bir-birlərini ittiham edirlər.
Cümə günü Qrabovo kəndi ətrafındakı qəza yerini araşdırmaq məqsədilə Ukraynanın cənub-şərqinə gələn ATƏT müşahidəçiləri bildiriblər ki, əraziyə nəzarət edən üsyançılar onların sərəbəst hərəkət etmək imkanını məhdudlaşdırıb.
25 nəfərdən ibarət müşahidəçi qrupunun üzvü ərazidəki silahlı adamlardan birinin havaya xəbərdarlıq atəşi açdığını bildirib.

Şəklin mənbəyi, BBC World Service
"Müşahidəçilərdən biri öncədən göstərilən marşrutdan kənara çıxandan sonra zahirən sərxoş olan keşikçi havaya atəş açıb", - Michael Bociurkiw bildirib.
ATƏT qrupu daha sonra gələcək təhqiqatçılar üçün qəza yerinə giriş dəhlizini yaratmağa müvəffəq ola bilmədiyi üçün ərazini tərk edib.

Şəklin mənbəyi, BBC World Service
Bundan əvvəl separatçı liderləri beynəlxalq müşahidəçilərin işinə maneə törədilməyəcəyini vəd etmişdilər.
Son həftələrdə şərqi Ukraynada bir neçə hərbi təyyarə raket vasitəsilə vurulub. Ukrayna Rusiya ordusunu separatçı üsyançıları raketlərlə təmin etməkdə suçlayır. Bu ittihamları rədd edən Moskva qəzaya görə Ukraynanın məsuliyyət daşıdığını bildirir.




