İsrailin Qəzzaya hava hücumları nəticəsində ölənlərin sayı artır

Qəzza

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, İsrailin Qəzzaya hava hücumları

Fələstin mənbələrindən verilən məlumata görə, İsrailin gecə boyu Qəzza bölgəsinə endirdiyi hava zərbələri nəticəsində 20-yə yaxın insan həlak olub.

Bildirilir ki, cənubda yerləşən bir ev və kafe də zərbələrə məruz qalıb.

Qəzzadakı döyüşçülər cümə axşamı da İsrailə raket atəşini davam etdiriblər. Cənub şəhərlərində təcili yardım maşınlarının səsi eşidilib.

İsrail hərbçiləri bildirib ki, onlar gecə yarısından bəri 108 hədəfə hücum ediblər və İsrailə 12 raket endirilib. Onlardan yeddisi isə "Iron Dome" ("Dəmir qübbə") müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.

Fələstin mənbələri xəbər verir ki, Khan Younis-dəki kafeyə insanlar Dünya Çempionatının yarım-finalına baxarkən hücum edilib. İlkin məlumata görə, hücum zamanı doqquz nəfər həlak olub.

Fələstin səhiyyə nazirliyindən verilən məlumata görə isə, ayrıca olaraq şəhər yaxınlığındakı bir evə edilmiş hava hücumu nəticəsində səkkiz fələstinli ölüb.

Şəklin mənbəyi, AFP

Fələstin mənbələri bildirir ki, cümə axşamı İsrailin Qəzza şəhərində avtomobilə hücumu zamanı üç nəfər də dünyasını dəyişib.

"Faciə"

Cümə axşamı döyüşçülər tərəfindən İsrailə raket atəşi də davam edib, ətrafda təcili yardım maşınlarının səsi eşidilib.

Həmasın hərbi qanadı bildirib ki, onlar Tel-Əviv şəhərinə iki M75 raketi atıblar.

İsrail hərbi sözçüsünün bildirdiyinə görə, cümə axşamı Khan Younis-dəki evə hücum zamanı səkkiz nəfərin həlak olması "faciədir – biz bunu istəmirdik". Onun sözlərinə görə, insanlar evə xəbərdarlıqdan sonra tez geri qayıdıblar.

Bildirilir ki, ev yerli Həmas komandiri Odeh Kaware məxsus olub.

İsrail mənbələrinin bildirdiyinə görə, zəruri hücum barədə xəbərdarlıq edilib və binaya döyüş başlığı olmayan mərmi ikinci xəbərdarlıqdan sonra atılıb.

Lakin bildirilir ki, insanlar binaya xəbərdarlıq atəşi ilə partlayıcı mərminin atılması arasında geri dönüblər.

Şəklin mənbəyi, AFP

BMT sədri Ban Ki-Moon bildirib ki, Qəzza sektorunda vəziyyət yenə də "dalana dirənib və tezliklə nəzarətdən çıxa bilər".

Ban Ki-Moonun sözlərinə görə, region yeni geniş həcmli müharibəyə dözə bilməz, buna görə də o, zorakılığa son verilməsinə çağırıb.

O tələb edib ki, Hamas- Fələstin qruplaşması İsrail torpaqlarına raket hücumlarına son versin.

BMT sədri, həmçinin İsraili vətəndaşların qorunmasına dair beynəlxalq öhdəliklərə daha təmkinli yanaşmağa çağırıb.

Cümə axşamı BMT Təhlükəsizlik Şurası Qəza sektoru böhranı ilə bağlı xüsusi iclas keçirəcək.

Həftənin əvvəlindən davam edən atışmalar zamanı 60 fələstinlinin öldüyü xəbəri verilir.

Qəza səhiyyə rəsmiləri bildirib ki, ölənlərin yarısı qadınlar və uşaqlar olmaqla, mülkilərdir.