İsrail: Həmas yeniyetmələrin ölümünə görə “cavab verəcək”

israel

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Üç azyaşlının cəsədi Halhul şəhəri yaxınlığındakı daş qalağının altında tapılıb

İsrail üç yeniyetməni qaçıraraq qətlə yetirməkdə günahlandırdığı Həmas hərbi birləşməsindən intiqam alacağına söz verib.

Naftali Frenkel, Gilad Shaar və Eyal Yifrach-ın cəsədləri bazar ertəsi axşamı aşkar edilib. Onlar iki həftədən artıq idi ki, itkin düşmüşdülər.

İsrailin baş naziri Benyamin Netanyahu deyib: “Həmas hadisəyə görə cavabdehdir və buna görə cavab verməli olacaq.” Həmas isə hadisədə əli olmadığını bildirir.

Keçən gecə ərzində İsrail Qəza Zolağına 30-dan çox hava zərbəsi endirib.

İsrail hərbiçilərinin bildirdiyinə görə, zərbələr bazar günündən bəri Qəza bölgəsindən İsrailin cənubuna edilmiş 18 raket hücumundan sonra endirilib.

İsrail qoşunları isə Fələstinin Halhul şəhərinə hücum ediblər. Cəsədlər şəhər yaxınlığında, daş qalağının altında tapılıb. İsrail rəsmilərinin sözlərinə görə, yeniyetmələr qaçırıldıqdan dərhal sonra güllələniblər.

İsrail hadisəyə görə şübhəli bildiyi Ayoub al-Kawasma və Abu Aisheh-nin adlarını açıqlayıb. Hərbiçilər deyir ki, hər iki şəxsin evində axtarış apararkən, partlayıcı qurğuları zərərsizləşdirməli olublar.

Şəkiillərdə Abu Aisheh-nin evində güclü partlayışın olduğu təsvir edilir.

Çərşənbə axşamı Fələstinin Jenin şəhərində aparılan əməliyyat zamanı bir fələstinlinin də İsrail hərbiçilərinin üzərinə partlayıcı vasitə atdığı üçün qətlə yetirildiyi bildirilir.

BBC-nin Qüdsdəki müxbiri Kevin Connolly xəbər verir ki, İsrailin Həması hədəfləyən gecə hücumları bazar günündən bu yana Fələstin tərəfindən atılmış raket həmlələrinə cavab olaraq edilib.

Müxbirin sözlərinə görə, İsrailin baş naziri Benyamin Netanyahu İsrail ictimaiyyətinə göstərməli olacaq ki, ölkədə hiss edilən dərin qəzəbin qarşılığında mütləq intiqam alınacaq.