Statistikaya görə ən maraqlı Dünya Çempionatı?

Cahill qol vurur

Şəklin mənbəyi, BBC World Service

Bir çox futbol həvəskarının sözlərinə görə, bu Dünya Çempionatı onların indiyə qədər gördüyü ən maraqlı çempionatdır – qrup mərhələsinə əsaslanan statistika isə onların haqlı olduğunu təsdiqləyir, BBC radiosunun "More or Less" ("Az-çox") proqramının əməkdaşı Wesley Stephenson yazır.

Messinin mükəmməl oyunu, Van Persie-nin başla vurduğu qol və Tim Cahill-in solaxay zərbəsi. Bütün bunlar adamı yerindən qaldırır. Lakin gəlin rəqəmlərə nəzər yetirək.

Şəklin mənbəyi, BBC World Service

Qollar. Bizə qollar lazımdır və biz onları görürük. Bu Dünya Çempionatının qrup mərhələsində bir qarşılaşmada vurulan ortalama qol sayı 2.83 –dür.

Bu, böyük rəqəmdir. Qrup mərhələsində daha çox qolun şahidi olmaq üçün 1958-ci ilə qayıtmaq lazımdır.

Son dəqiqə qaliblər. Braziliyadakı qrup mərhələsində yeddi oyunun nəticəsi son beş dəqiqədə müəyyənləşib. Bu, bir çox Dünya Çempionatı ilə müqayisədə çoxdur.

Hər iki tərəfdən vurulmuş qollar. Böyük hesablı oyunlar əyləncəli ola bilər, lakin sadəcə bir tərəf qol yeyərsə...

"Keçən 10 Dünya Çempionatı oyunlarında hər iki komandanın hesabı açdığı qarşılaşma faizi ortalama 47 faizdir. Ən az göstərici 38 faizlə 2006-cı və 1974-cü illərdə qeydə alınıb. Ən yüksək göstərici isə isə 56 faizlə 1982-ci ilə məxsusdur", avstraliyalı The Roar saytı üçün Dünya Çempionatı üzrə statistikanı tərtib edən Paul Wainwright bildirir.

Yaxın nəticələr. "Biz hər iki komandanın sona qədər oynadığı daha çox oyunun şahidi oluruq", Wainwright deyir. 44 faiz oyunlar sadəcə bir qol fərqi ilə başa çatıb. Bu, 1990-cı ildə keçirilmiş çempionatla eynidir. Ən az göstərici isə 17 faizlə 1974-cü ildə qeydə alınıb.

Qalibi olan oyunlar. Buna qədər qalibiyyətlə başa çatmış oyunlar sayında ən yüksək göstərici 78 faizlə 1990 və 1994-cü il çempionatlarında olub. Bu ilki Dünya Çempionatlnda isə indiyə qədər 83 faiz qarşılaşma qələbə ilə başa çatıb.

Şəklin mənbəyi, BBC World Service

"Biz daha çox nəticə, daha çox qol və daha çox fərq görürük" Wainwright deyir.

Bu Dünya Çempionatı bir sıra ölçülərinə görə digərlərindən fərqlənməsə də, onu qeyri adi edən bir çox parametrdə üstün olmasıdır. Beləliklə, statistikaya görə bu, doğrudan da ən maraqlı Dünya Çempionatıdır.