Nigeriya Boko Haramla "danışıqlara hazırdır"

Şəklin mənbəyi, AFP
Nigeriya islamçılar tərəfindən oğurlanmış 200-dən artıq məktəbli qızın azad olunması üçün Boko Haram təşkilatı ilə danışıqlara hazır olduğunu bildirib.
Nigeriya naziri bu barədə BBC-yə bildirib.
Xüsusi işlər üzrə nazir Tanimu Turaki deyib ki, Boko Haram səmimidirsə onun lideri Abubakar Shekau danışıqlar üçün etibar etdiyi adamları barışıq komitəsinə göndərməlidir.
Qızlar ötən ay Nigeriyanın şimalındakı məktəbə basqından sonra oğurlanmışdılar.
Axtarış
ABŞ Nigeriyada islamçı silahlılar tərəfindən qaçırılmış 200-dən artıq məktəbli qızın axtarışı üzrə əməliyyatda kəşfiyyat təyyarəsinin istifadə edildiyini açıqlayıb.
Nigeriya hökumətinə həmçinin Amerika kommersiya peyklərindən çəkilmiş şəkillər təqdim olunacaq, adının məxfi saxlanılmasını istəyən yüksək rütbəli ABŞ rəsmisi deyib.
BBC-nin Vaşinqtondakı müxbiri Rajini Vaidyanathan Nigeriyada istifadə olunacaq təyyarənin növünün gizli saxlanıldığını bildirir. Lakin onun sözlərinə əsasən, Amerika müxtəlif rabitə vasitələrini monitoring edə biləcək təyyarələrə malikdir.
Ötən gün Nigeriya hökuməti həbs edilmiş islamçı döyüşüçlər müqabilində qızların azad olunması barədə “Boko Haram”ın təklifini rədd edib.
Qrupun lideri Abubakar Shekau deyib ki, saxlanılmış bütün silahlılar azad olunmayana qədər qızlar da buraxılmayacaq.
Bazar ertəsi islamçı qrupun buraxdığı yeni videoda oğurlanmış qızların göstərildiyi iddia olunur.
Videoda 100-dək qızın dua oxuduğu göstərilir.
200-dən artıq qız aprelin 14-də Nigeriyanın şımalındakı Borno ştatında yerləşən məktəbə basqından sonra oğurlanıb.




