Boko Haram "oğurlanmış qızların" videosunu yayıb
İslamçı silahlılar qrupu Boko Haramın buraxdığı yeni videoda Nigeriyada oğurlanan təxminən 100 qızın göstərildiyi iddia olunur.
Qrupun lideri Abubakar Shekau deyib ki, saxlanılmış bütün silahlılar azad olunmayana qədər qızlar da buraxılmayacaq.
Onun sözlərinə görə qızlar dinlərini islama dəyişib. Bazar ertəsi buraxılan videoda onların dua oxuduğu göstərilir.
Aprelin 14-də Boko Haram Nigeriyada 200-dən çox qızı oğurlayıb və onları satacağını deyib.
BBC-nin Maiduguri şəhərindəki müxbiri John Simpson deyib ki, Boko Haramın şərhləri işarə edir ki, qrup danışıqlar aparmağa hazırdır.
AFP agentliyinin əldə etdiyi 17 dəqiqəlik videoda qızlardan üçü danışır. İki qız deyir ki, dinini xristianlıqdan islama dəyişib, üçüncü qız isə müsəlman olduğunu deyir.
Müxbirlər deyirlər ki, qızlar sakit görünür və biri onların zərər almadığını deyib.