Rusiya Qərbə sanksiyalara görə xəbərdarlıq edir

Şəklin mənbəyi, AFP

Rusiya ABŞ-a bildirib ki, Qərbin Krıma görə sanksiyaları "qəbuledilməz"dir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ Dövlət Katibi John Kerry ilə telefon danışığında sanksiyaların "nəticələrinə" görə təhdid də edib.

Telefon danışığı Rusiya və Krım liderləri arasında yarımadanın Rusiya Federasiyasının tərkibinə daxil olması barədə anlaşma imzalandıqdan sonra aparılıb.

Bazar günü krımlı seçicilər mübahisələndirilən referendumda yarımadanın Ukraynadan ayrılmasına səs verib.

Bazar ertəsi ABŞ və Avropa İttifaqı Rusiya və Ukraynanın bir sıra rəsmilərinə qarşı sanksiya tətbiq edib.

Anlaşma imzalandıqdan sonra Ağ Ev qeyd edib ki, sanksiyalar genişləndiriləcək.

Telefon söhbətindən sonra Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, "respublika vətəndaşları BMT xartiyası və beynəlxalq hüquq çərçivəsində demokratik seçim edib və Rusiya seçimə hörmət edir".

"ABŞ və Aİ-nin tətbiq etdiyi sanksiyalar qəbuledilməzdir və nəticəsiz qalmayacaq".

Şəklin mənbəyi, AP

Sənəddə hansı nəticələrin ola biləcəyindən söz açılmır.

Belə gərgin vəziyyətdə Ukraynanın Müdafiə Nazirliyi Ukrayna hərbçilərinə Krımda silah işlətmək icazəsi verib.

Qərara Simferopolda yerləşən Ukrayna hərbi hissəsinə basqın zamanı bri zabitin öldürülməsi səbəb verib.

Eyni zamanda, Kreml tərəfdarları da bildirib ki, hadisə nəticəsində onlar da itki verib.

Kiyev höküməti qərarını özünümüdafiə məqsədilə verdiyini açıqlayıb.

Müvəqqəti baş nazir Arseniy Yatsenyuk təcili çağrılmış iclasda deyib ki, "münaqişə siyasilikdən hərbi mərhələyə çevrilir".

Şəklin mənbəyi, AFP

"Rusiya əsgərləri Ukrayna hərbçilərinə atəş açmağa başlayıb və bu müharibə cinayətidir".

Simferopoldakı BBC müxbiri Mark Lowen deyir ki, ərazidə iğtişaşlar başlamaq qorxusu hökm sürür.

Ukrayna böhranı ötən ilin noyabrında prezident Viktor Yanukoviçin Aİ ilə assosiasiya sazişi imzalamaqdan imtina etməsindən sonra başlayıb.

Fevralın 22-də o, 80 nəfərdən çox etirazçının ölümü ilə nəticələnən aksiyalardan sonra devrilib.

Həmin vaxtdan Rusiyapərəst silahlılar Krımda vəziyyəti nəzarətə alıb.