Rusiya qoşunlarını Ukraynaya Yanukoviç "çağırıb"

Şəklin mənbəyi, Reuters
Rusiyadan qoşunları mülkiləri qorumaq üçün devrilmiş prezident Viktor Yanukoviç istəyib, Rusiyanın BMT-dəki səfiri bildirib.
Səfir Vitali Çurkin Təhlükəsizlik Şurasında (TŞ) deyib ki, bu barədə prezident Yanukoviç Rusiya prezidenti Putinə şənbə günü məktub yazıb.
Hazırda Krım regionunda minlərlə Rusiya qoşunu var.
Ukrayna rəsmiləri ötən gün bildirib ki, Rusiya onlara Krım hökümətinə təslim olmaq barədə Ukrayna vaxtilə səhər 7-ə kimi vaxt qoyub.
Hələlik heç bir hadisə baş verməyib.
Rusiya tərəfi ultimatum verilməsi məlumatını təkzib edib.
Rusiyanın müdaxilə cəhdləri onun ABŞ və Aİ ilə ticarət və hərbi əlaqələrini pozub.
Qərb diplomatları Rusiyanın bütün dediklərini "faktsız" hesab edib.
Ukraynanın BMT-dəki səfiri Yuriy Sergeyev deyir ki, Rusiya yarımadaya 16 minə qədər qoşun çıxarıb.
De-fakto nəzarət
Bununla yanaşı, Rusiya Krımı de-fakto hərbi nəzarətə götürüb.
Həmçinin qorxu var ki, belə nəzarət Rusiyapərəst insanların dəstəyilə bütün Ukraynaya yayıla bilər.
Ukrayna rəsmiləri ölkənin şərq bölgəsində də Rusiya qoşunları olduğunu bildirir.
Krım və onun ətraf rayonlarında qeyri-stabil vəziyyət ötən ay, cənab Yanukoviç devrildikdən bəri davam edir.
BMT-də isə səfir Çurkin TŞ-ə devrilmiş prezidentin məktubunun nüsxəsini təqdim edib.
Yanukoviçin məktubu
O deyib ki, cənab Yanukoviç ölkəsini rusdilli əhali ilə digərləri arasında vətəndaş müharibəsi astanasında təsvir edib.
Ukrayna rəsmiləri isə bu fikirləri rədd edib.
Cənab Çurkin məktubdan sitat gətirib: "Mən Rusiya prezidenti cənab Putindən xahiş edirəm ki, RF-nın hərbi qüvvələrini Ukrayna xalqının qorunması, stabillik, qanunçuluq, sülh və legitimliyin yaradılması üçün istifadə etsin"
Səfir bir daha qeyd edib ki, müvəqqəti prezident Aleksandr Turçinov deyil, cənab Yanukoviç legitim liderdir.
Qərb diplomatları isə bildirib ki, Rusiya beynəlxalq hüquqa zorakılıq edir.
"Rusiyanın mobilləşməsi təsviri təhdidlərə cavab üçündür", ABŞ-ın BMT-dəki səfiri Samantha Power deyib.
"Hərbi əməliyyatlar olmayan təhdidlərə görə aparıla bilməz".
Birləşmiş Krallıq səfiri Mark Lyall Grant isə Rusiyanın Ukraynada rus xalqına qarşı terror və hədələr olması fikirlərini rədd edib.
"Aydındır ki, deyilənlər sadəcə Rusiyanın hərbi əməliyyatlarına bəraət qazandırmaq üçün quraşdırılıb.
O, məktubu "mənasız" hesab edib.
Həmçinin bir çox Qərb dövlətləri Rusiyadan Ukraynada hərbi əməliyyatlar etmək fikrindən daşındırmağa çağırıb.




