ABŞ Rusiya ilə ticarət və hərbi əməkdaşlığı dondurub

barak obama

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Martın 1-də Barak Obama Ukraynadakı vəziyyəti telefonla Putinlə müzakirə edib

Ukrayna ətrafında münaqişə həll olunana qədər ABŞ Rusiya ilə ticarət və investisiya məsələləri üzrə danışıqları dayandırıb.

Bu barədə ABŞ Ticarət İdarəsinin nümayəndəsinin bəyanatında deyilir.

“Biz Rusiya hökuməti ilə hazırlanmaqda olan proqram çərçivəsində ticarət və kommersiya əlaqələrinin dərinləşməsi üzrə hər hansı ikitərəfli ticarət və investisiya müqavilələrin bağlanmasını təxirə salmışıq”, - İdarənin nümayəndəsi bəyan edib.

Daha əvvəl məlum olub ki, Ukrayna ətrafında vəziyyətə görə ABŞ Rusiya ilə hərbi təmasları da dayandırıb.

Bütün birgə təlimlər, danışıqlar, səfər və konfranslar müvəqqəti olaraq dayandırılır, ABŞ hərbi idarəsinin bəyanatını Reuters iqtibas edir.

“Biz Rusiyanı Ukrayna böhranını çözməyə, Rusiyanın Krımdakı qoşunlarını isə, Rusiyanın Krımda Qara Dəniz Donanmasının statusunu nizamlayan sazişin tələblərinə uyğun olaraq, öz bazalarına qayıtmağa çağırırıq”, - Pentaqonun mətbuat katibi kontr-admiral John Kirby deyib.

Eyni zamanda Pentaqon qeyd edib ki, Ukrayna hadisələrinə görə Avropada və Aralıq dənizində ABŞ silahlı qüvvələrinin strategiyasında hər hansı dəyişiklik baş verməyib.