Silahlılar Krım parlament binasını zəbt edib

Şəklin mənbəyi, Reuters
Kimliyi bəlli olmayan silahlılar fevralın 27-ə keçən gecə Simferopolun mərkəzi hissəsindəki Krım Nazirlər Şurası və muxtar vilayətin Ali Rada binasını zəbt edib.
Bu barədə Krım-Tatar məclisinin lideri Refat Çubarov Facebook-da yazıb.
"20 dəqiqə əvvəl zəng etdilər... dedilər ki, Krım Ali Radası və Nazirlər Şurası binası üzərində heç bir əlamət olmayan forma geyinmiş silahlı şəxslər tərəfindən tutulub.. Hələlik heç bir təklif irəli sürülməyib.."
Krım parlamentinin mətbuat xidməti informasiyanı təsdiqləyib, Rusiya mediası yazır.
Mediada yayılan fotolarda binanın üzərindən rus bayrağının dalğalandığı görünür.
Çərşənbə günü Krım yarımadasının inzibati mərkəzində Maydanı dəstəkləyən və ona qarşı olan mitinq iştirakçıları arasında toqquşmalar baş verib, bir kişi ürək tutmasından vəfat edib.
Yeni hakimiyyəti dəstəkləyənlər "Yaşasın Ukrayna!", "Allahu Əkbər!" və Maydan tərəfdarları arasında hakimiyyət əleyhinə səsləndirilən “Bandu - het!” ("Banda - rədd ol!") şüarlarını qışqırıb.
Qarşı tərəfin nümayişində rusca vətənpərvər mahnılar arasında “Rusiya!” çağırışı səslənib
Krım parlamentinin qarşısında Kiyevdəki yeni hakimiyyəti tanımamaq tələbi ilə aksiya ötən gün başlayıb.




