Suriya kimyəvi silahın beynəlxalq nəzarət altına keçməsinə “razı olub”

Prezident Bəşər Əsəd Rusiya televiziyası ilə çıxışında Suriyadakı kimyəvi silahların beynəlxalq nəzarət altına keçməsinə razılıq verdiyini təsdiqləyib.
Cənab Əsəd Rossiya 24 kanalına deyib ki, bu addım ABŞ hədələri yox Rusiyanın irəli sürdüyü təşəbbüsün nəticəsidir.
Rusiya Suriyanı ABŞ zərbələrindən qaçınmaq üçün kimyəvi silahlarını "beynəlxalq nəzarət altına" verməyə çağırıb.
ABŞ Suriya rejimini yüzlərlə adamın ölümünə səbəb olmuş qaz hücumunda ittiham edir.
Dəməşq avqustun 21-də baş vermiş həmlədə üsyançıları suçlaylıb.
Xəbərdarlıq
Çərşənbə günü Rusiya lideri Suriya üzərinə mümkün zərbənin nəticələri barədə xəbərdarlıqla çıxış edib.
New York Times qəzeti vasitəsilə amerikalılara müraciət edən Vladimir Putin deyib ki, hərbi aksiya vəziyyəti gərginləşdirərək terrorçuluğa yeni təkan vermiş olacaq.
"Bir çox ölkə, Roma Papası da daxil olmaqla dini və siyasi liderlərin etirazına rəğmən ABŞ tərəfindən potensial zərbə günahsız qurbanların sayını artıracaq, vəziyyəti gərginləşdirəcək və güman ki, münaqişənin Suriya hüdudlarından kənara çıxmasına səbəb olacaq”, - prezident Putin yazıb.
Putinin çağırışı Cenevrədə Suriya böhranı üzrə Rusiya-ABŞ müzakirələrinin başlanmasına təsadüf edib.
Rusiya prezidenti deyib ki, Suriyada kimyavi silahın istifadəsi şübhə doğurmur. Lakin onun sözlərinə görə silah xarici müdaxilədə maraqlı olan müxalifət tərəfindən istifadə edilə bilərdi.
Obama administrasiyası hərbi müdaxilə üçün Konqresin dəstəyini qazanmağa çalışır.
Suriaya qarşıdurması son iki il ərzində 100 mindən artıq adamın ölümünə səbəb olub.




