Rusiya Suriyanı kimyəvi silahlarını təhvil verməyə çağırır

BMT kimyəvi silah müfəttişləri
Şəklin alt yazısı, Keçən ay BMT kimyəvi silah müfəttişləri Dəməşqdəki hücum yerindən örnəklər götürüblər

Rusiya Suriyanı ABŞ hərbi hücumdan qaçınmaq üçün kimyəvi silah ehtiyatını "beynəlxalq nəzarət altına" qoymağa, bundan sonra isə onları məhv etməyə çağırıb.

Xarici işlər naziri Sergey Lavrov deyib ki, təklifi suriyalı həmkarı ilə danışıqlar zamanı edib və Dəməşqdən sürətli cavab alacağına ümid etdiyini bildirib.

Suriya Prezidenti Bəşər əl-Əsəd bir daha kimyəvi silahdan istifadə etməsini inkar edib.

ABŞ Suriyanı hücumla təhdid edir və Əsəd rejimini müharibə cinayətlərində ittiham edir.

Hərbi müdaxilə üçün Avropada dəstək qazanmaq məqsədilə Fransa və Britaniyaya səfərə gələn ABŞ Dövlət Katibi John Kerry bir daha təkrar edib ki, hərəkət etməmək hücum etməkdən daha təhlükəlidir.

Cənab Kerry mətbuat konfransı zamanı deyib ki, hərbi hücumdan qaçınmaq üçün cənab Əsəd bütün kimyəvi silah ehtiyatını gələn həftə ərzində təhvil verə bilər.

ABŞ rəsmiləri bundan sonra deyiblər ki, bu ciddi təklif deyil, "ritorik arqument" olub.

Suriyanın xarici işlər naziri Walid Muallem rus həmkarı ilə danışıqlar üçün Moskvadadır.