Suriya münaqişəsi: Barack Obama Konqresdə səsverməni təxirə salıb

Barack Obama
Şəklin alt yazısı, "Mən (münaqişələrin) sülh yolları ilə həll olunmasına həmişə üstünlük verirəm." - Barack Obama

ABŞ Prezidenti Barack Obama Suriyaya hərbi müdaxilə barədə Konqresdə səsverməni təxirə salıb və vəd edib ki, rejimin kimyəvi silahlarını aradan çıxarmaq üçün diplomatik üsullardan istifadə edəcək.

Dəməşq ilk dəfə olaraq kimyəvi silahlara malik olduğunu etiraf edib və Rusiyanın silahları məhv etmək haqqında planını davam etdirməyə razılaşıb.

Keçən ay yüzlərlə adam kimyəvi hücum nəticəsində öldürüləndən sonra ABŞ Suriyanı hücumla təhdid etmişdi.

Cənab Obama deyib ki, danışıqlar nəticəsində məqsədə nail olunmasa, ABŞ ordusu müdaxilə edəcək. Suriya avqust ayında Dəməşq yaxınlığında baş vermiş hücumlarda üsyançıların məsuliyyət daşıdığını deyib.

Prezident Bəşər əl-Əsədə qarşı 2011-ci ildə başlayan üsyan nəticəsində 100 000-dən çox adam ölüb.

Silahların təhvil verilməsi barədə planı Rusiya bazar ertəsi təqdim edib. Suriya planı müsbət qarşıladığını bildirib.

"Ümidverici işarə"

"Biz kimyəvi silahların yerləşməsi barədə məlumat verməyə, kimyəvi silahların istehsalını dayandırmağa, bu obyektləri Rusiyaya, digər dövlətlərə və BMT-ə göstərməyə hazırıq", Suriyanın xarici işlər naziri Walid Muallem çərşənbə axşamı deyib.

Bu, rejimin kimyəvi silahlara malik olması barədə ən açıq etirafı olub.

Çərşənbə axşamına qədər cənab Obamanın höküməti hərbi müdaxilə üçün Konqresdə güclü lobbiçilik aparıb.

Amma sorğulara əsasən o, siyasətçilərin dəstəyini qazanmayacaqdı.

Televiziyada yayımlanan çıxışında cənab Obama deyib ki, Rusiyanın planı və rejimin kimyəvi silahlara malik olması barədə etirafı "ümidverici işarədir".

"(Rusiyanın planının) uğurlu olacağını demək hələ tezdir", o bildirib. "Amma bu təşəbbüsün kimyəvi silah təhlükəsini hərbi müdaxiləsiz aradan qaldırmaq potensialı var - xüsusilə ona görə ki, Rusiya Əsəd rejiminin ən yaxın müttəfiqlərindən biridir".

Cənab Obama həmçinin bildirib ki, ABŞ Dövlət Katibi John Kerry cümə axşamı Cenevrədə rus həmkarı Sergey Lavrovla görüşəcək. "Mən Prezident Putinlə müzakirələrimə davam edəcəm", o əlavə edib.